Tokio-2020 Yay Paralimpiya Oyunlarında paracüdo yarışlarının keçirildiyi B1, B2 və B3 kateqoriyaları Paris-2024 Yay Paralimpiya Oyunlarınadək olan dövrdə və Paris Paralimpiadanın özündə kateqoriya sayı azaldılaraq J1, J2 kateqoriyaları üzrə təşkil edilib.
Milli Paralimpiya Komitəsindən İdman.biz-ə verilən məlumata örə, bu dəyişikliklər nəticəsində J2 kateqoriyasında olan bir çox göz xəstəlikləri siyahıdan çıxarılıb.
Verilən məlumatda bu səbəbdən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyasının (IBSA) tərəfindən paracüdoçularımız yenidən tibbi təsnifata cəlb edilib. Tokio-2020 Yay Paralimpiya Oyunlarının qızıl medalçısı Şəhanə Hacıyeva 2024-cü ilədək J2 kateqoriyası üzrə ölkəmizi paracüdo yarışlarında təmsil etsə də, müvafiq dəyişikliklər səbəbindən artıq paracüdo yarışlarında mübarizə apara bilməyəcəyi dəqiqləşib.
Dəyişən tibbi təsnifat tələblərinə adaptasiya olunması üçün Komitə tərəfindən bütün addımlar atılıb: "Milli Paralimpiya Komitəsi olaraq bütün idman növlərində yeni idmançı nəslinin formalaşmasında maraqlıyıq. Komitə tərəfindən ötən il təşkil edilən Uşaq Paralimpiya Oyunları, Paralimpiya çempionları ilə keçirilən ustad dərsləri və təbliğat işlərimiz buna hesablanıb. Sevindirici haldır ki, yeniyetmə və gənc paralimpiyaçılarımız bu il məktəblilər arasında keçirilən Gimnaziada İdman Oyunlarında, parapauerliftinq üzrə Dünya Kubokunda, beynəlxalq badminton və parataekvondo yarışlarından Vətənə medallarla qayıdıblar.
Milli Paralimpiya Komitəsi olaraq daim şəffaflığın tərəfdarı olmuşuq və paralimpiyaçılarımızın beynəlxalq arenada uğurlu çıxışı üçün lazımi tədbirləri görməyə davam edəcəyik".
Qeyd edək ki, 13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.
İdman.biz