Paralimpiyaçı: “Bakı Marafonu” fiziki məhdudiyyətlilər üçün böyük motivasiyadır”

3 May 2026 19:45
154
Paralimpiyaçı: “Bakı Marafonu” fiziki məhdudiyyətlilər üçün böyük motivasiyadır”

İnanıram ki, belə layihələr gələcəkdə daha çox insanı, xüsusilə də fiziki məhdudiyyətli şəxsləri idmana cəlb edəcək.

İdman.Biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da iştirak edən əlil arabasında idman rəqsi üzrə paralimpiyaçı Vüsalə Babazadə deyib.

O, bu marafonda iştirakının ilk olmadığını bildirib:

“Artıq neçənci dəfədir ki, burada öz gücümü sınayıram. Sağlam həyat, təmiz hava… Belə marafonlar insanların sağlamlığına müsbət təsir göstərir. Mən də sona qədər qaça bilməsəm də, bu tədbirin bir parçası olmaq, start xəttinə çıxmaq və özümü sınamaq mənim üçün böyük qürur və motivasiyadır. Əsas məsələ qalib olmaq deyil, iştirak və özünü inkişaf etdirməkdir. Burada hər kəs eyni məqsəd uğrunda birləşir. Bu, insanlara ruh yüksəkliyi verir, onların özlərinə inamını artırır. Xüsusilə fiziki məhdudiyyətli şəxslər üçün böyük motivasiyadır”.

Qeyd edək ki, ilk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulublar. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar.

Hər il olduğu kimi, builki marafona da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar qoşulublar.

İdman.Biz