Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"da mükafatlandırma mərasimi olub.
İdman.Biz xəbər verir ki, marafonun "Sea Breeze" ərazisindəki finiş zonasında qaliblərə medalları Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdim edib.
Mərasimdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov iştirak ediblər.

Marafonda finiş xəttinə kişilər arasında ilk çatan idmançı Türkiyədən Əhməd Alkanoğlu olub. İkinci yerdə ukraynalı yarışçı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan təmsilçisi Yrskeldi Akerov qərarlaşıb.
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci, Azərbaycandan Anna Yusupova ikinci, Qazaxıstandan Şirin Akimbay üçüncü yerin sahibi olub.
Qeyd edək ki, bu il "Bakı Marafonu" ilk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrutda keçirilib. Marafona 25 min iştirakçı qatılıb.
16:53
Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə start götürən “Bakı Marafonu 2026” başa çatıb. Bir qədər sonra “Sea Breeze” ərazisindəki finiş zonasında qaliblərin mükafatlandırılması mərasimi olacaq.

Qaliblər üçün pul mükafatları da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibinə 6000 AZN, ikinci yerə 4000 AZN, üçüncü yerə isə 2000 AZN təqdim olunacaq. Bununla yanaşı, 42 kilometr məsafəni başa vuran bütün iştirakçılar medalla təltif ediləcək. Daha qısa məsafələr üzrə də mükafatlandırma tətbiq olunacaq: 21 kilometrlik yarımarafonu tamamlayan ilk 2000 iştirakçı medal əldə edəcək, 10 kilometr məsafəni qət edənlər isə sertifikatlarla mükafatlandırılacaq.
İlk dəfə olaraq marafon 21 kilometrlik deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil edilib və yarışa 25 min iştirakçı qatılıb. Marafona tanınmış ictimai-siyasi və incəsənət xadimləri, həmçinin ziyalılar qoşulub. Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Gürcüstan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Çin və digər ölkələrdən olan iştirakçılar da qələbə uğrunda mübarizə aparıblar.
Hər il olduğu kimi, builki marafona da fiziki imkanları məhdud şəxslər, eləcə də Daun sindromlu iştirakçılar qoşulublar.
14:22
Mayın 3-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”nın qalibləri müəyyənləşib. İlk dəfə olaraq 21 kilometrlik məsafədə deyil, tam 42 kilometrlik marşrut üzrə təşkil olunan yarışda böyük canlanma yaşanıb.
İdman.Biz xəbər verir ki, kişilər arasında finiş xəttinə hamıdan tez Türkiyə təmsilçisi Əhməd Alkanoğlu çatıb. İkinci pillədə Ukrayna idmançısı Vitaliy Şafar, üçüncü yerdə isə Qırğızıstan qaçışçısı Yrskeldi Akerov qərarlaşıb.
@idman.biz Böyük Bakı Marafonunun qalibləri müəyyən olub✨️🏅 #bakumarathon2026 #marathon #viraltiktok ♬ orijinal ses - Idman və Biz
Qadınların mübarizəsində Rusiyadan Elena Tolstıx birinci yeri qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Azərbaycan təmsilçisi Anna Yusupova yarışı ikinci, Qazaxıstan idmançısı Şirin Akimbay isə üçüncü sırada tamamlayıb.
Ümumilikdə 25 min iştirakçının qatıldığı marafon paytaxt sakinləri və qonaqlar üçün əsl idman bayramına çevrilib.
10:08
Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu 2026”ya start verilib. Sayca doqquzuncu dəfə keçirilən ənənəvi yarış builki formatı ilə əvvəlkilərdən fərqlənir. Belə ki, marafon ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunub.
İdman.Biz xəbər verir ki, marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin təmsilçiləri də qələbə uğrunda mübarizə aparırlar. Yarışda fiziki imkanları məhdud olan şəxslər, eləcə də daun sindromlu iştirakçılar da öz qüvvələrini sınayırlar.

Marafona səhər saat 10:00-da start verilsə də, artıq saat 7:00-dan etibarən Dövlət Bayrağı Meydanında böyük canlanma müşahidə olunub. Atletlər zonasında iştirakçılar üçün yoqa və isinmə məşqləri keçirilib, əyləncə zonasında isə müxtəlif interaktiv oyunlar təşkil edilib. Dövlət Bayrağı Meydanından başlayan yarış “Sea Breeze” ərazisindəki finiş xəttində yekunlaşacaq.
