Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirilib - FOTO

Xəbərlər
26 Oktyabr 2023 14:43
150
Respublika Olimpiya Mərkəzində Beynəlxalq “Olimpiya Günü” tədbiri keçirilib - FOTO

Oktyabrın 26-da Respublika Olimpiya Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə Beynəlxalq “Olimpiya Günü”nə həsr edilmiş tədbir keçirilib.

MOK-dan İdman.biz-ə verilən xəbərə görə, tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Zemfira Meftahetdinova, MOK-un baş katibi Azər Əliyev, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, olimpiyaçılar, gənc idmançılar, federasiya və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açıb. O xatırladıb ki, iyun ayı mühüm idman yarışları ilə zəngin olub: “Avropa Gənclər Olimpiya Festivalı, Avropa Oyunları və MDB Oyunları həmin ərəfədə keçirildi. Bu səbəbdən qrafik çox sıx oldu. Biz də Beynəlxalq Olimpiya Komitəsinin razılığı əsasında “Olimpiya günü” tədbirini bu günə təyin etdik”.

Hüseynzadə Beynəlxalq Olimpiya Gününün 1996-cı ildən etibarən hər il qeyd olunduğunu diqqətə çatdırıb: “1997-ci ildə cənab İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra ölkəmizdə idmanın yüksəliş dövrü başladı. İdmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr əldə etdilər. Bundan başqa, ölkəmiz mühüm idman tədbirlərinə ev sahibliyi etməyə başladı. Biz beynəlxalq idman qurumlarının etimadın qazandıq. Bir daha qeyd edim ki, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezident seçilməsindən sonra Azərbaycanda Beynəlxalq Olimpiya Günü tədbiri də yüksək səviyyədə qeyd olunmağa başlandı”.

MOK-un vitse-prezdenti tədbir iştirakçılarına uğurlar arzulayıb və bildirib ki, bu gün iştirak etdiyiniz tədbirdə Olimpiya və dünya çempionları da sizinlə birlikdə olduğu üçün çox xoşbəxtsiniz: “Onların qarşısında çıxış etmək və mükafatçılar sırasında yer almaq sizin yaddaşınızda daim qalacaq. Arzu edirəm ki, sağlam həyat tərzi yaşayasınız. İdman bu işdə ən yaxşı vasitə olacaq. Siz bununla da gələcəkdə müstəqil və qalib bir ölkənin vətəndaşları kimi dövlətə xidmət edəcəksiniz”.

Elm və Təhsil Nazirliyi adından hər kəsi salamlayan nazir müavini Firudin Qurbanov isə tədbirin məktəblilərin inkişafında böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Nazir müavini çıxışında bir sıra maraqlı məqamlara da toxunub. O deyib ki, bu gün böyük bir qələbə qazanan qalib bir ölkənin vətəndaşları kimi bu tədbirdə iştirak etmək çox xoşdur: “30 ilə yaxın bizim torpaqlarımız işğal altında olub. Lakin bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı Qarabağın hər bir guşəsində qürurla dalğalanır. Bu bayraqları ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev qaldırıb. Sevirinəm ki, bu tədbirdə ölkəmizin idman şərəfini beynəlxalq arenalarda şərəflə qoruyan Olimpiya çempionları və dünya Avropa çempionatlarının mükafatçıları iştirak edirlər. Yaxşı xatırlayıram, Azərbaycan ilk dəfə Olimpiya Oyunlarında iştirak edəndə cəmi bir qızıl medalımız var idi. Lakin illər keçdikcə bu say artmağa başladı. Olimpiya Oyunlarında idmançılarımızın parlaq çıxışları ölkəmizdə böyük təntənə ilə qeyd olunurdu. Doğrudan da idman ölkəni bütün dünyada tanıtdıran vasitələrdən biridir. Mən bu gün hər bir iştirakçıya uğurla və sağlam həyat tərzi arzulayıram. Elm və Təhsil Nazirliyi olaraq, bu kimi tədbirlərdə iştirak etməkdən çox məmnunuq”.

Rəsmi çıxışlardan sonra Olimpiya Mədəniyyəti və Təhsil Proqramı (OCEP) məktəblilərinin iştirakı ilə əyləncəli idman yarışı təşkil olunub. İki hissədən ibarət olan yarışlarda əvvəlcə paytaxtın 10 məktəbindən 200-dən artıq şagird və fiziki tərbiyə müəlliminin iştirakı ilə atletika idman növü üzrə mübarizəyə start verilib.

Yarışların ikinci hissəsində isə dünya, Avropa çempionatlarının və AYOF-un qalib və mükafatçıları olan gənc cüdoçular məktəblilərlə birlikdə kəndirdartma və şən startlar yarışında iştirak ediblər.

Yarışın yekun nəticələrinə əsasən, Yasamal rayonunu təmsil edən 18 saylı məktəbin komandası 30 xalla birinci yerə layiq görülüb. Nəsimi rayonu 42 saylı məktəbin komandası 28 xalla ikinci, Nərimanov rayonu 193 saylı məktəbin kollektivi isə 27 xalla üçüncü yerə sahib çıxıb. Yarışın qalibləri kubok, diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin təşkil etdiyi layihələrdə fəal şəkildə iştirak edən Azərbaycan Milli Olimpiya Komitəsi 1996-cı ildən bu tədbiri həyata keçirir. Tədbirin əsas məqsədi Olimpiya Hərəkatına dəstək, gənc nəsil arasında Olimpimin təbliği, olimpiyaçıları tanıtmaq və Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.

İdman.biz