İdman veteranları Qazax və Tovuz rayonlarında olublar - FOTO

10 Sentyabr 2026 22:40
81
İdman veteranları Qazax və Tovuz rayonlarında olublar

Qazax şəhərinin 2026-cı il üzrə “İdman Paytaxtı” layihəsi çərçivəsində tanınmış idman veteranlarının Qazax və Tovuz rayonlarına səfəri baş tutub.

İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və İdman Veteranları İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan səfərin əsas məqsədi gənc nəslə dəstək olmaq və təcrübə mübadiləsi aparmaqdır.

Olimpiya çempionu Zemfira Meftaxetdinovanın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib. Daha sonra qonaqlar Heydər Əliyev Muzeyi ilə tanış olublar.

Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti ilk gün Qazax Olimpiya İdman Kompleksində, növbəti gün isə Tovuz Olimpiya İdman Kompleksində yerli məşqçilər və gənc idmançılarla görüşüb. Görüşlərdə veteranlar öz zəngin təcrübələrini gənclərlə bölüşüb, onlara idmanda uğur qazanmağın sirlərini danışıblar.

İdman.Biz