Azərbaycanın bodibildinq üzrə milli komandası İspaniyanın Santa-Susanna şəhərində keçirilən dünya çempionatında ilk medalını əldə edib.
İdman.Biz xəbər verir ki, yığmamızın heyətində Hüseyn Qasımov uğurlu çıxışı ilə fərqlənib. Yeniyetmə və gənclər arasında Men’s Physique kateqoriyasında mübarizə aparan idmançı bürünc medal qazanıb.
Eyni intizam növünün veteranlar (Masters) kateqoriyasında çıxış edən Vaqif Kərimli isə finalda dördüncü yeri tutaraq fəxri kürsünün bir addımlığında dayanıb.
Maraqlıdır ki, Azərbaycan idmançılarının gənclər arasında Men’s Physique kateqoriyasında uğurlu çıxışları artıq ənənə halını alır. Ötən il keçirilən dünya çempionatında Əhməd Quluzadə çempion tituluna yiyələnib, Aşur Abdullayev mütləq çempionatda qalib gəlib. Digər təmsilçimiz Tərlan Əliyev isə gümüş medal qazanıb.
Bu arada Santa-Susannada dünya çempionatı davam edir. Azərbaycan millisinin qarşıdakı günlərdə medal sayını artırmaq imkanı var.
