Yeniyetmələrin Olimpiya Oyunlarının məşəli yandırıldı: Cüdo, boks və taekvondoda uğur gözləyirik - İDMAN.BİZ-in İCMALI

11 Sentyabr 2026 14:29
92
Yeniyetmələrin Olimpiya Oyunlarının məşəli yandırıldı: Cüdo, boks və taekvondoda uğur gözləyirik - İDMAN.BİZ-in İCMALI

2026-cı ildə Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının məşəli Afinada alovlandırılıb

İdman.Biz xəbər verir ki, “Panatinaykos” stadionunda Yeniyetmələrin Olimpiya Oyunlarının məşəlinin yandırılması və təhvil verilməsi mərasimi keçirilib. Məhz burada 1896-cı ildə ilk müasir Olimpiya Oyunları təşkil olunub.

Məşəl sentyabrın 12-də Seneqala çatacaq, sentyabrın 14-dən isə ölkənin bütün 14 regionunda səyahətinə başlayacaq. Estafet çərçivəsində 30-dan çox dayanacaq olacaq. Estafetin şüarı isə “Enerjini ötür” olacaq.

Yay Yeniyetmələrin Olimpiya Oyunlarının açılış mərasimi oktyabrın 31-də Dakardakı Abdoulaye Vade adına stadionda keçiriləcək. Yarışlar isə noyabrın 13-dək davam edəcək.

Yarışlar hələ başlamamış müəyyən bir uğura imza atıb. Bu, Afrika qitəsində keçiriləcək ilk Olimpiya Oyunları olacaq. Turnir oktyabrın 31-dən noyabrın 13-dək Seneqalda təşkil olunacaq. Oyunların şüarı “Afrika qarşılayır, Dakar qeyd edir”dir.

Əvvəlcə Yeniyetmələrin Olimpiya Oyunlarının 2022-ci ildə keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Beynəlxalq Olimpiya Komitəsi Seneqal hakimiyyəti ilə birlikdə pandemiyanın nəticələri və Tokioda keçirilən Yay Olimpiya Oyunlarının təqvimində yaranan dəyişikliklər səbəbindən turniri 2026-cı ilə keçirməyə qərar verib.

Dakar şəhərində 25 idman növü üzrə yarışlar keçiriləcək. Bunlar oxatma, atletika, badminton, 3x3 basketbol, beysbol-5, çimərlik həndbolu, çimərlik voleybolu, boks, breykinq, velosiped idmanı, qılıncoynatma, futzal, idman gimnastikası, cüdo, çimərlik güləşi, üzgüçülük, yelkənli idman, reqbi-7, atçılıq, skeytbordinq, taekvondo, uşu, stolüstü tennis, triatlon və sahil avarçəkməsidir.

Yarışlar üç məkanda keçiriləcək. Dakar şəhərində atletika, üzgüçülük və 3x3 basketbol da daxil olmaqla, əksər idman növləri üzrə yarışlar təşkil olunacaq. Diamniadionda isə Oyunların açılış və bağlanış mərasimləri, həmçinin cüdo, gimnastika, taekvondo, qılıncoynatma və badminton yarışları keçiriləcək. Salidə isə çimərlik idman növləri, triatlon, yelkənli idman və avarçəkmə üzrə mübarizə aparılacaq.

Azərbaycan millisindən ən böyük gözləntilər ənənəvi olaraq yüksək nəticələr göstərən yeniyetmələrdən ibarət yığmanın çıxışlarını nəzərə alaraq, cüdo ilə bağlıdır. Komanda bu yaxınlarda keçirilən kadetlər arasında Avropa çempionatında da liderliyini bir daha təsdiqləyib. Xüsusilə yüngül çəki dərəcələrində nəticələr yüksək olub. Son beş ildə cüdoçularımız bu çəki dərəcələrində 11 qızıl medal qazanıblar. Həmçinin idmançılarımız boks, çimərlik güləşi, taekvondo və digər növlərdə də özlərini göstərə bilərlər.

Lakin Buenos-Ayresdə keçirilən və komandamızın iki qızıl, bir gümüş və üç bürünc medal qazandığı 2018-ci il Oyunları ilə müqayisədə proqramda dəyişikliklər baş verib. Məsələn, ağır atletika proqramda yoxdur, güləş ənənəvi formatda keçirilməyəcək – yalnız çimərlik güləşi qalır. Görünür, idman növlərinin siyahısının formalaşdırılmasına yarışların keçiriləcəyi məkan da təsir edib. Afrikanın iqlimi özünəməxsus olduğundan, çimərlik növlərinə xüsusi diqqət yetirilib.

İdman.Biz