Azərbaycan Qış İdman Növləri Federasiyası ilə Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) əməkdaşlığı çərçivəsində Azərbaycanda qış idman növlərinin inkişafına dair iki günlük seminarın açılışı baş tutub.
İdman.Biz xəbər verir ki, açılış tədbirində Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev və FIS-in baş katibi Urs Lehmann çıxış ediblər.
Fuad Nağıyev Azərbaycan qış idman növlərinin inkişafı üçün mövcud potensialı reallaşdırmaq, idmançı və mütəxəssislərin inkişafını dəstəkləmək, eləcə də Azərbaycanın beynəlxalq qış idmanları sistemində mövqeyini gücləndirmək istiqamətində irimiqyaslı işlər görüldüyünü bildirib.
Federasiya prezidenti qeyd edib ki, ötən il FIS ilə Dövlət Turizm Agentliyi arasında müqavilə bağlanıb və əməkdaşlığın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.
FIS-in baş katibi Urs Lehmann Azərbaycanın qış idman yarışlarının keçirildiyi beynəlxalq destinasiya kimi formalaşdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq çərçivəsində keçirilən seminar mövcud vəziyyətin qiymətləndirilməsi və gələcək inkişaf istiqamətləri üzrə vahid baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Seminarda Azərbaycanda qış idman növlərinin mövcud vəziyyəti, inkişaf imkanları və bu istiqamətdə vahid strateji yanaşmanın formalaşdırılması məsələləri müzakirə olunub.
Eyni zamanda, sahənin inkişafında iştirak edən əsas tərəflər arasında əməkdaşlığın gücləndirilməsi, idmançı, məşqçi və hakim hazırlığının təkmilləşdirilməsi, xizək məktəbləri və idman klublarının fəaliyyətinin inkişaf etdirilməsi, ali təhsil müəssisələrinin prosesə cəlb olunması, eləcə də mövcud infrastrukturun və gələcək ehtiyacların qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Turizm Bürosu, Azərbaycan İdman Akademiyası, "Şahdağ" Turizm Mərkəzi, Azərbaycan Qış İdman Növləri Federasiyası və FIS-in nümayəndələri, həmçinin dağ xizəyi üzrə məşqçilər iştirak ediblər.
Seminarın nəticələri əsasında Azərbaycanda qış idman növlərinin inkişafı üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi və aidiyyəti qurumlar arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
