Niderlandın idman naziri Miryam Sterk Rusiya idmançılarının beynəlxalq yarışlarda milli bayraq və digər milli simvollar altında iştirakının qarşısını almaq üçün hökumətin mümkün vasitələrdən istifadə edəcəyini bildirib.
İdman.Biz xəbər verir ki, Niderland hökuməti Rusiya və Belarus idmançılarının ölkə ərazisində keçirilən beynəlxalq yarışlarda milli atributlarla çıxışını arzuolunmaz hesab edir. Hökumətin mövqeyinə əsasən, neytral status altında və milli simvollar olmadan çıxış edən fərdi idmançıların iştirakı mümkün sayıla bilər.
Sterkin sözlərinə görə, Rusiya idmançılarının Niderlandda keçirilən turnirlərə milli bayraq altında buraxılması halında viza məhdudiyyətlərinin tətbiqi də nəzərdən keçirilə bilər. Niderland eyni zamanda Beynəlxalq Olimpiya Komitəsinin Rusiya idmançılarının beynəlxalq arenaya qayıdışı ilə bağlı siyasətinə qarşı diplomatik təzyiqi artırmaq niyyətindədir.
Rusiya idmançılarının statusu müxtəlif beynəlxalq federasiyalarda fərqlənir. Bəzi qurumlar onların yalnız neytral statusda yarışmasına icazə verir, bəzi federasiyalar isə məhdudiyyətləri qüvvədə saxlayır. Məsələn, Dünya Atletikası Rusiya və Belarus atletlərinin beynəlxalq yarışlarda iştirakına qoyulan qadağanı hələ də davam etdirir. Rusiya Atletika Federasiyası bu qərarla bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.
Digər idman növlərində isə fərdi neytral idmançı modeli tətbiq olunur. Bu halda idmançılar Rusiya bayrağı, himni və milli komanda formasından istifadə edə bilmirlər, onların beynəlxalq yarışlarda iştirakı əlavə uyğunluq yoxlamalarından asılı olur. Son günlərdə fiqurlu konkisürən Kamila Valiyevanın neytral idmançı statusunun ləğv edilməsi də bu prosedurların sərtliyini göstərib.
