Fərid Qayıbov: “Hər ay idmançılarımız yeni rekordlara nail olurlar”

Xəbərlər
6 Oktyabr 2023 15:09
242
Fərid Qayıbov: “Hər ay idmançılarımız yeni rekordlara nail olurlar”

“Nüfuzlu yarışlarla zəngin olan ötən ay ərzində idmançılarımız beynəlxalq yarışlardan Vətənə 181 medalla qayıtdılar. Demək olar ki, hər ay idmançılarımız yeni rekordlara nail olurlar”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov sentyabr ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”dən güləşçilərimizi xüsusilə fərqləndirib: “Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yunan-Roma güləşçilərimiz Eldəniz Əzizli üçüncü dəfə, Rafiq Hüseynov isə ikinci dəfə dünya çempionu oldular. 2 qızıl, 3 gümüş medal qazanan yığmamız tarixində ilk dəfə komanda hesabında dünya çempionu oldu. Güləşçilərimiz Belqradda Paris Olimpiadasına lisenziya da qazandılar. Yunan-Roma güləşində Həsrət Cəfərov və Sənan Süleymanov, sərbəst güləşdə isə Maqomedxan Maqomedov gələn ilin olimpiyaçıları sırasına qoşuldular. Lisenziya qazanan paralimpiyaçılarımızın da sayında artım oldu. Bu dəfə Peruda keçirilən atıcılıq üzrə dünya çempionatında Kamran Zeynalov Parisə yollanmaq hüququ qazandı. Beləliklə, bu günədək Paris-2024-ə idmançılarımız 8, paralimpiyaçılarımız isə 7 lisenziya qazanıblar”.

Qayıbov ənənə üzrə ötən ay qitə və dünya çempionatlarında, digər nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları ilə görüşdüklərini xatırladıb. O bildirib ki, qalib idmançılarımızın yarış təəssüratlarını dinləyib, hazırlıqları barədə fikir mübadiləsi aparıblar: “Ayrıca olaraq, polo üzrə 14-cü Avropa çempionatında Azərbaycanı layiqincə təmsil etmiş idmançılarımızı da Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyevlə birlikdə təbrik etmək şansımız oldu”.

Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 10-cu görüş bu dəfə Bakıdan kənarda – fərqli məkanda keçirib. Gənclər və idman nazirinin sözlərinə görə, Quba Olimpiya İdman Kompleksində baş tutan görüşdə cari məsələlər haqda müzakirələr aparılıb, hesabatları dinlənilib, növbəti addımlar barədə qərarlar qəbul edilib. Həmçinin Şabran və Xaçmaz sakinləri ilə də görüş keçirilib.

Nazir qeyd edib ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzi ötən ay ən aktiv idman qurğularından biri olub: “Burada ilk dəfə olaraq triatlon üzrə Azərbaycan çempionatı, avarçəkmə üzrə növbəti ölkə çempionatı, eləcə də həndbol üzrə beynəlxalq oyun keçirildi. “Kür” həndbol klubu yeni yaradılıb və hazırda ölkə çempionatında çıxış edən yeganə region komandasıdır. Qadın həndbol komandası Avropa Kuboku yarışında debüt etdi və bu ay kişi komandası da qitə kuboku yarışında ölkəmizi təmsil edəcək. Qadın həndbol komandasının çıxışı böyük coşqu ilə qarşılandı və azarkeşlərin marağına səbəb oldu. İnanıram ki, klubun həndbol bölməsinə qoşulan uşaqların sayı günbəgün artacaq. Paytaxtdan kənarda keçirilən digər yarış – bədii gimnastika üzrə Naxçıvanda təşkil edilən turniri də xüsusilə qeyd etmək istərdim”.

İdman.biz