"Azeri Warrior": “1 milyon” adlı Qran-pridə döyüşəcəm” - MÜSAHİBƏ

Müsahibə
16 Sentyabr 2023 13:04
217
"Azeri Warrior": “1 milyon” adlı Qran-pridə döyüşəcəm” - MÜSAHİBƏ

Karyerasını ABŞ-da davam etdirən və "Azeri Warrior" ləqəbi ilə tanınan Hüseyin Əliyevin İdman.biz saytına müsahibəsi

- Peşəkar döyüş karyerana nə vaxt start vermisən?

- Bu idman növü ilə çox gec məşğul olmağa başlamışam. 23 yaşım olarkən döyüşməyə başladım. Həvəskarlardan başlayıb, peşəkara keçid etdim. Çox az bir müddətdə gəlib bu yerlərə çatdım.

- Karyeranı Amerika Birləşmiş Ştatlarında davam etdirməyə necə qərar verdin?

- Müstəqil Dövlətlər Birliyində MMA-ya diqqət elə də yaxşı deyil. Haqsızlıqlar həddən artıq çoxdur. Danışılmış oyunlar çox olurdu. Bu nüanslar mənim ABŞ-a gəlməyimə səbəb oldu. Araşdırdım və burada bu növə marağın böyük olduğunu, ədalətli döyüşlərin keçməsi üçün işlərin həyata keçirildiyini öyrəndim.

- ABŞ-da bu idman növü ilə məşğul olmağın çətinlikləri nədir?

ABŞ-da bu idman növü ilə məşğul olmağın çox çətinlikləri var. Birinci növbədə sənəd məsələləri problemdir. İşləmək üçün oturum almaq çox çətindir. Mən 2019-cu ilin oktyabr ayında bura gəldim. 2020-ci ildə koronavirus pandemiyası səbəbi ilə 18 döyüşüm təxirə salındı. Pandemiya dönəmində çox əziyyətli olsa da sənədlərimi hazırladım. Xüsusi talantlı vizanı aldım. Bundan sonra döyüşməyə başladım.

- Nə üçün "Azeri Warrior"?

- Bu ləqəbi mənə Azərbaycanda olarkən ilk müəllimim verib. Bu ləqəbi çox sevdim. Amerikadakı döyüşlərdə də məni belə tanıyırlar.

- “Fyuri”də Neyt Riçardsona qalib gəldikdən sonra UFC-də debüt etməliydin. Buna nə mane oldu?

- Riçardsonu məğlub etdikdən sonra UFC-nin prezidenti Danna Uayt mənə döyüş verməliydi. “Fyuri”də 3 çempiona qalib gəlmişdim. O 3 döyüşçünün hər biri UFC-ə namizəd idi. Bu, çox böyük sürpriz oldu. Çünki mənim onlara uduzacağımı düşünürdülər. UFC-nin bir alt divizionu olan “Fyuri”nin çempionu olduğum üçün artıq UFC-də çıxış etməliydim. Hələ də gözləmə mövqeyindəyəm. Məşqlərimi davam etdirirəm. Las Veqasda təlim-məşq toplanışında oldum. Danna Uaytla da görüşmüşəm. Hətta İlya Topoiri ilə döyüşməyimi təklif etdilər. Razılaşsam da, sonradan döyüş olmadı. Başqa variantlar da oldu. Onları da dayandırdılar. Çox böyük haqsızlıq var. Sadəcə gözləmək qalır.

- Qarşıda planların nədir?

- UFC-dən cavab gəlməyənə qədər mən Peşəkar Döyüş Liqasında çıxış edəcəm. Noyabrın 24-də Vaşinqtonda finallar olacaq. Növbəti ildə “1 milyon” adlı Qran-pridə döyüşəcəm. Rəqibim isə hələ bəlli deyil. Hazırlıqları davam etdirib gözləyirəm. Gələn il hər an UFC-dən də təklif gələ bilər.

Emin Ağa

İdman.biz