Azərbaycan – Belarus idman əlaqələri müzakirə olunub - FOTO

8 İyul 2026 20:06
53
Azərbaycan – Belarus idman əlaqələri müzakirə olunub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə idmanın inkişafı, idman infrastrukturunun idarə olunması və idman ehtiyatlarının hazırlanması sahələrində təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan idman nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub.

İdman.Biz bildirir ki, nümayəndə heyətinin tərkibində nazirliyin əməkdaşları, idman federasiyalarının nümayəndələri, olimpiya idman komplekslərinin rəhbərləri və digər aidiyyəti qurumların təmsilçiləri yer alıblar.

Nümayəndə heyəti Belarusun əsas idman qurğuları və müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, Tennis üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzini, "Çijovka-Arena"nı, Dövlət Mədəniyyət və İdman Müəssisəsini, Belarus Dövlət Bədən Tərbiyəsi Universitetini, Respublika Elmi-Praktik İdman Mərkəzini, "Minsk-Arena" Çoxprofilli Mədəniyyət və İdman Kompleksini, Bədii Gimnastika üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzini, "Stayki" Respublika Olimpiya Hazırlığı Mərkəzini, Üzgüçülük Mərkəzini, Atçılıq İdmanı və Atçılıq Təsərrüfatı üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzini, Avarçəkmə İdman Növləri üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzini və Milli Futbol Stadionunu ziyarət ediblər.

Səfər çərçivəsində Belarus Respublikasının idman və turizm nazirinin müavini Aleksandr Baraulya ilə ikitərəfli görüş baş tutub. Görüş zamanı iki ölkə arasında idman sahəsində əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyində də nümayəndə heyəti ilə görüş keçirilib.

İdman.Biz