Malayziyanın “Tanjung Minyak” futbol komandasının oyunçusu R.Taneş yoldaşlıq matçı zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.
İdman.Biz xəbər verir ki, hadisə Malakka ştatında “Rembau Indian Veteran” ilə görüş zamanı baş verib. Oyun yerli vaxtla təxminən 17:30-da başlayıb. Matçın startından 10 dəqiqə sonra yağış yağmağa başlayıb, ardınca güclü göy gurultusu eşidilib.
Bundan sonra 28 yaşlı Taneş, görüşün hakimi və daha bir nəfər meydanda yerə yıxılıb. Polis məlumatına görə, futbolçu bədəninin aşağı hissəsində ağır yanıq xəsarətləri ilə huşsuz vəziyyətdə şəxsi avtomobillə xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hakim də xəstəxanaya yerləşdirilib. Üçüncü zərərçəkənə isə tibbi yardım lazım olmayıb.
Malayziya Futbol Federasiyası hadisə ilə bağlı başsağlığı verib və yerli federasiya ilə təşkilatçılardan tam hesabat tələb edib. Qurum oyunlar zamanı hava şəraitinin daha ciddi izlənilməsinin vacibliyini vurğulayıb.
