Fərid Qayıbov: “Əldə edilən nailiyyətlər təsadüfi uğur deyil”

6 İyul 2026 19:41
92
Fərid Qayıbov: “Əldə edilən nailiyyətlər təsadüfi uğur deyil”

“Görülən işlər sadəcə tədbirlərin və yarışların xronoloji siyahısı deyil. Bu həm də gənclər və idman siyasətinin strateji hədəflərə çatmağa hesablanmış mühüm bir fəaliyyətdir”.

İdman.Biz bildirir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov ənənəvi “Nazirin Nöqteyi-Nəzəri” qeydlərində vurğulayıb.

“Həyata keçirilən bütün təşəbbüslər – beynəlxalq səviyyəli yarışların təşkilindən tutmuş regionlarda müasir idman obyektlərinin inşasına qədər – əsas strateji məqsədə xidmət edir: sağlam həyat tərzinə malik, yüksək intellektual potensiala və beynəlxalq rəqabət qabiliyyətinə sahib gənc nəslin formalaşdırılması.

Fəaliyyətimizin prioritet istiqamətlərindən biri ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun daimi yüksəldilməsidir. Bakının 2026-cı il üçün “Dünya İdman Paytaxtı” elan olunması fonunda paytaxtımızın ikinci dəfə UFC döyüş gecəsinə, çövkən üzrə dünya çempionatına, gimnastika, tennis, üzgüçülük və digər növlərdə müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi təsadüfi xarakter daşımır. Bu tədbirlərin arxasında dayanan əsas strateji hədəf qlobal məkan kimi ölkəmizin dayanıqlı nüfuzunu möhkəmləndirməkdir. Beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili həm idman diplomatiyamızın uğuru, həm də ölkəmizə beynəlxalq aləmdə göstərilən etimadın ən bariz göstəricisidir”, - nazir qeyd edib.

Fərid Qayıbov bildirib ki, “beynəlxalq idman uğurları daxili kütləvilik olmadan dayanıqlı ola bilməz”.

“Fəaliyyətimizin mühüm sütunu idmanın kütləviliyi və idman infrastrukturunun əlçatanlığının təmin olmasıdır. Regionlarda, o cümlədən Hacıqabul, Şirvan, Masallı və digər şəhərlərdə sayca 17-ci olan “Sağlam məhəllə”lərin istifadəyə verilməsi, həmçinin Xankəndi şəhərində, Mərdəkan və Qala qəsəbələrində yeni cüdo bölmələrinin açılması məhz bu məqsədə xidmət edir. Məqsədimiz idmanı hər bir vətəndaşın, xüsusən də gənclərin gündəlik həyat tərzinə çevirməkdir. Bütün yaş qruplarını əhatə edən “Səhər idmanı”, “Üzgüçülük hamı üçün” və bu kimi digər layihələr sağlam cəmiyyəti formalaşdırmaqla yanaşı, beynəlxalq arenada qazanılan uğurların bünövrəsini təşkil edir”, - o əlavə edib.

Nazir vurğualyıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idman siyasəti xalqın fiziki sağlamlığı, gənclərin vətənpərvər ruhda tərbiyəsi və müstəqil Azərbaycanın beynəlxalq arenada güclü dövlət imicinin möhkəmləndirilməsi amillərinin vəhdətindən ibarətdir:

“Bu çoxvektorlu yanaşmanın mərkəzində, təbii ki, gənclərin məqsədyönlü inkişafı dayanır. Gələcəyin menecerləri və peşəkarları yalnız fiziki cəhətdən güclü deyil, həm də yüksək intellektual potensiala və komanda ruhuna malik olmalıdırlar. İdman və təhsilin vəhdətini təmin edən Məktəblilərin Respublika İdman Olimpiadasının təşkili istedadların seleksiyasına hesablanmış növbəti addımdır. Bununla paralel olaraq, Goranboyda təşkil edilən “Şahin” hərbi-idman oyunu, Regional İntellekt Liqası və müxtəlif mövzulu gənclər düşərgələri gənclərdə vətənpərvərlik, liderlik, innovativ düşüncə və qərar qəbuletmə bacarıqlarını formalaşdırmaq məqsədi daşıyır.

İnstitusional idarəetmə və beynəlxalq əməkdaşlıq isə inkişaf edən bu ekosistemin təməlini təşkil edir. Türkmənistanla imzalanmış idman sahəsində əməkdaşlıq memorandumu, AQEM Gənclər Şurası çərçivəsində fəaliyyətlər və Bakıda “Təmiz idman uğrunda – 2026” forumunun keçirilməsi ölkəmizin beynəlxalq prinsiplərə sadiqliyini və qlobal dialoqa verdiyi töhfəni təsdiqləyir. Eyni zamanda, dövlət qurumları arasında yarışların təşkili və qaliblərin Dünya Korporativ Oyunlarında ölkəmizi uğurla təmsil etmələri korporativ mühitdə sağlam həyat tərzinin təşviqinə xidmət edir.

Əldə edilən bütün nailiyyətlər təsadüfi uğur deyil. Bunlar sistemli idarəetmənin və cəmiyyətin hər bir fərdini əhatə etməyə yönələn uzunmüddətli strategiyanın məntiqi nəticəsidir. Əsas missiyalarımızdan biri bu inkişaf dinamikasını qorumaq, idmanın və gənclər siyasətinin əhatə dairəsini genişləndirərək gələcək hədəflərə doğru inamla irəliləməkdir”, - Fərid Qayıbov yekunlaşdırlb.

İdman.Biz