İyulun 6-da gənclər və idman naziri Fərid Qayıbov iyun ayı ərzində ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.
İdman.Biz bildirir ki, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Daha sonra nazir Fərid Qayıbov idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirib. Nazir bildirib ki, iyun ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 24 ölkədə səsləndirilib. İdmançılarımız isə ümumilikdə 108 qızıl, 81 gümüş və 95 bürünc medal qazanıblar. Fərid Qayıbov III Dünya Korporativ Oyunlarında uğurla çıxış edərək 4 qızıl və 1 bürünc medal qazanan Azərbaycan dövlət qurumlarının əməkdaşlarını qələbələri münasibətilə təbrik edib.
Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və əldə etdikləri nəticələr barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
