BOK Rusiya Olimpiya Komitəsinin statusunu bərpa edib

7 İyul 2026 21:34
80
BOK Rusiya Olimpiya Komitəsinin statusunu bərpa edib

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinin statusunun dayandırılması qərarını müvəqqəti ləğv edib.

İdman.Biz bildirir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

Təşkilatdan vurğulanıb ki, Rusiya Olimpiya Komitəsi artıq Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyası altında olan ərazilərdəki regional idman təşkilatlarını öz tərkibinə daxil etmir. Bundan əlavə, Rusiya tərəfi həmin ərazilərdə fəaliyyət göstərmədiyini və göstərməyəcəyini təsdiqləyib.

BOK-dan bildirilib ki, antidopinq tələbləri istisna olmaqla, Rusiya idmançıları və komandaları üçün əvvəllər müəyyən edilmiş məhdudiyyətlər ləğv edilir. Onlar Beynəlxalq Test Agentliyinə həvalə edilmiş milli antidopinq proqramına daxil edilməli, həmçinin yarışlara buraxılmazdan əvvəl lazımi sayda yoxlamalardan keçməlidirlər.

İdman.Biz