Futbol üzrə İngiltərə Premyer Liqasının sabiq oyunçusu Marlon Kinq atasının mirası ilə bağlı məhkəmə çəkişməsində qalib gəlib.
İdman.Biz xəbər verir ki, keçmiş hücumçu mərhum atası Karl Vinsent Kinqin 650 min 100 funt sterlinq (1.45 milyon AZN) dəyərində qiymətləndirilən əmlakından pay almaq hüququ qazanıb.
Vaxtilə “Uotford”, “Uiqan” və “Şeffild Yunayted” klublarında çıxış edən Marlon Kinq atasının vəsiyyətnaməsində mirasdan kənarda saxlanılıb. Sənəddə onun qəsdən varislik hüququndan məhrum edildiyi və əmlakdan heç bir pay almamasının istənildiyi qeyd olunub.
Buna baxmayaraq, məhkəmə vəsiyyətnamənin qanunvericiliyə uyğun rəsmiləşdirilmədiyi qənaətinə gəlib. Hakim sənədin şahidlər tərəfindən tələb olunan qaydada imzalanmadığını müəyyən edib. Nəticədə vəsiyyətnamə etibarsız sayılıb və mirasın mərhumun üç övladı arasında bərabər bölünməsi barədə qərar çıxarılıb.
Beləliklə, Marlon Kinq atasının əmlakının üçdə bir hissəsinə sahib olmaq hüququ əldə edib. Bundan başqa, vəsiyyətnamənin icraçısı təyin olunan qardaşı Marvin Kinq məhkəmə xərclərinin üçdə ikisini - 17 min 66,94 funt sterlinqi (39 min 634 AZN) ödəməlidir.
Qərardan narazı qalan Marvin qardaşını tənqid edib:
“Sən milyonçusan, atanın dəfn mərasiminə gəlmədin, amma mirasın üçdə birini almaq üçün ortaya çıxdın. Bunu hələ də anlaya bilmirəm”.
Marlon Kinq isə ittihamları qəbul etməyib. O bildirib ki, dəfn mərasimində iştirak edə bilməyəcəyini əvvəlcədən qardaşına xəbər verib və atasından onu vəsiyyətnaməyə salmasını heç vaxt istəməyib. Sabiq futbolçunun sözlərinə görə, məhkəməyə təqdim edilən sübutlar qərarın qanun əsasında verildiyini təsdiqləyir.
Qeyd edək ki, 46 yaşlı Marlon Kinq karyerası ərzində Premyer Liqada 66 oyuna çıxıb. O, Yamayka millisinin heyətində də 24 görüş keçirib.
Karl Vinsent Kinq 2025-ci il martın 1-də ürək qapağının dəyişdirilməsi əməliyyatından sonra yaranan infeksiya səbəbindən vəfat edib. Məhkəmə sənədlərinə əsasən, o, Böyük Britaniyada həmin növ süni ürək qapağı implantasiya olunan ilk pasiyent olub.
