Bodibildinq və fitnes üzrə 19 yaşlı venesuelalı idmançı Fiorella Martines ölkəsində baş verən zəlzələnin qurbanı olub.
İdman.Biz “Noticias Carabobo”a istinadən xəbər verir ki, qadınlar arasında “Artistic Fitness” kateqoriyasında çıxış edən idmançının cəsədi yaşadığı binanın dağıntıları altından çıxarılıb. Onunla birlikdə anası Karmen və kiçik bacısı Miranda da həyatını itirib.

Bir neçə saat sonra Martinesin sevgilisi Fedor Prieto Olivaresin də zəlzələ nəticəsində öldüyü təsdiqlənib.
Qeyd edək ki, Martines 2025-ci ildə Ekvadorun Kito şəhərində keçirilən Cənubi Amerika çempionatında uğurlu çıxışı ilə diqqət çəkib. O, idman karyerası ilə yanaşı, stomatologiya üzrə təhsil alıb.

Venesuelada 24 iyunda baş verən güclü zəlzələlər böyük dağıntılara səbəb olub. Son məlumatlara görə, ölənlərin sayı 1700 nəfəri keçib, xilasetmə işləri davam edir.
