Aydın Süleymanlı gənc şahmatçının həyatının xilası üçün çağırış etdi - VİDEO

30 İyun 2026 11:21
111
Aydın Süleymanlı gənc şahmatçının həyatının xilası üçün çağırış etdi - VİDEO

Azərbaycanın ən güclü qrossmeysterlərindən biri, bu yaxınlarda dünya çempionu və reytinq cədvəlinin lideri Maqnus Karlsenə qalib gələn Aydın Süleymanlı ölüm-dirim savaşı aparan, şahmatla məşğul olan yeddi yaşlı Ucal Səmədova dəstək çağırışı edib.

İdman.Biz xəbər verir ki, ötən ilin noyabrında Ucala Düşenn əzələ distrofiyası (Duchenne Muscular Dystrophy – DMD) diaqnozu qoyulub. Bu, əzələlərin geri dönməz şəkildə məhv olmasına səbəb olan nadir genetik xəstəlikdir. Xəstəlik hər gün irəliləyir, uşaq tədricən əzələ gücünü, daha sonra isə sərbəst yerimək qabiliyyətini itirir. Lazımi müalicə aparılmadıqda bu xəstəlik ağır əlilliyə və vaxtından əvvəl ölümə səbəb olur.

Hazırda Ucalın Elevidys preparatı ilə müasir terapiya almaq imkanı yaranıb. Müalicənin Dubaydakı “Medcare Royal Speciality Hospital” klinikasında keçirilməsi planlaşdırılır. Ailə artıq tibb müəssisəsindən rəsmi xərc smetasını alıb. Sənədə əsasən, preparatın və müalicə kursunun ümumi dəyəri təxminən 2,9 milyon ABŞ dollarıdır.

Bu müddət ərzində xeyirxah insanların, müxtəlif xeyriyyə aksiyalarının və ictimaiyyətin dəstəyi sayəsində təxminən 1 milyon manat vəsait toplanıb. Lakin tələb olunan məbləğə çatmaq üçün hələ uzun yol var. Düşenn əzələ distrofiyasında vaxt həlledici amildir. İtirilən hər gün bərpası mümkün olmayan əzələ hüceyrələrinin məhv olması deməkdir.

Ucalın ailəsi yardım edə biləcək hər kəsə müraciət edir. İstənilən dəstək – maddi yardım, məlumatın paylaşılması və ya oğlanın hekayəsinin başqalarına çatdırılması onun həyati əhəmiyyət daşıyan müalicəsinə bir addım da yaxınlaşmasına kömək edə bilər.

Valideynlər ümid edirlər ki, mümkün qədər çox insan Ucalın hekayəsindən xəbər tutacaq və onun vaxtında müalicə almaq şansına dəstək verəcək.

“Bilirsinizmi, Maqnusla bağlı hekayəmdə ən gözəl məqam nə idi? Mən sübut etdim ki, vaxtilə Azərbaycanda doğulmuş bir uşaq dünyanın ən güclü şahmatçısını məğlub edə bilər. İndi isə daha bir azərbaycanlı uşaq var. Onun adı Ucaldır. O da şahmatçıdır və çox güclüdür. Amma onun rəqibi Düşenn əzələ distrofiyasıdır. Bu xəstəliyin müalicəsi var, sadəcə çox bahadır. Gəlin hamımız birlikdə Ucala kömək edək!” – deyə Süleymanlı sosial şəbəkədə paylaşdığı videoda bildirib.

Yardım etmək istəyənlər aşağıdakı mobil nömrə ilə əlaqə yarada bilərlər: 050 200 44 69

İdman.Biz