“Bu il Olimpiya Günü münasibətilə keçirilən tədbiri 1952-1992-ci illərdə SSRİ yığmasının tərkibində Olimpiya Oyunlarında iştirak etmiş azərbaycanlı idmançılara həsr etmişik”.
İdman.Biz xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Olimpiya Günü münasibətilə təşkil olunan tədbirdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinin təşəbbüsü ilə 1948-ci ildən qeyd olunan Olimpiya Günü çərçivəsində hər il müxtəlif idman və maarifləndirici tədbirlər təşkil edilir: “Azərbaycan bu ənənəyə 1995-1996-cı illərdə qoşulub. Hər il olduğu kimi, bu il də Olimpiya Gününü müxtəlif tədbirlərlə qeyd edirik. Proqram çərçivəsində qaçış yarışları, müxtəlif idman növləri üzrə yarışlar və olimpiyaçılarla görüşlər keçirilir”.
Ç.Hüseynzadə əlavə edib ki, builki tədbirin əsas məqsədi sovet dövründə Olimpiya Oyunlarında çıxış etmiş azərbaycanlı idmançıları gənc nəslə tanıtmaqdır:
“Müstəqillik dövrünün olimpiyaçılarını hamı yaxşı tanıyır. Lakin SSRİ dövründə Azərbaycanı təmsil etmiş bir çox tanınmış idmançı gənclər üçün kifayət qədər tanış deyil. Ona görə də bu günü məhz veteran olimpiyaçılarımıza həsr etdik. SSRİ 1952-ci ildən Olimpiya Oyunlarında iştirak etməyə başlayıb və ilk gündən yığmanın tərkibində azərbaycanlı idmançılar yer alıblar. Onlar müxtəlif Olimpiya Oyunlarında çempionluq və mükafatlar qazanıblar. Bu gün həmin idmançıları bir daha yad edəcəyik”.
MOK-un vitse-prezidenti bildirib ki, Olimpiya Gününə həsr olunmuş builki silsilə tədbirlər bununla yekunlaşacaq. Onun sözlərinə görə, qarşıdakı aylarda digər əlamətdar yubileylərlə bağlı tədbirlər keçiriləcək: “Bu il Azərbaycanın müstəqil komanda kimi “Atlanta-1996” Yay Olimpiya Oyunlarında iştirakının 30 illiyi tamam olur. Həmin yubileyi də təntənəli şəkildə qeyd etməyi, ilk Olimpiya komandamızın üzvlərini və qazandıqları uğurları bir daha xatırlamağı planlaşdırırıq”.
