Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

26 İyun 2026 00:01
100
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 108 il ötür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108 ili tamam olur.

İdman.Biz xatırladır ki, Azərbaycan Milli Ordusu 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış və bu gün regionun ən güclü ordularından birinə çevrildi.

Müstəqilliyin bərpasından sonra Birinci Qarabağ müharibəsində çətin sınaqlardan keçən ordumuz, 2020-ci il Vətən müharibəsində və 2023-cü ilin antiterror tədbirlərində tarixi Zəfər qazanaraq ölkəmizin ərazi bütövlüyünü tam təmin etdi.

Bu rəşadətli tarixin yazılmasında idman meydanlarından döyüş meydanlarına atılan və hər iki cəbhədə zirvəni fəth edən qəhrəmanlarımızın rolu misilsizdir.

Onların arasında Azərbaycanın Milli Qəhrəmanları Allahverdi Bağırov və Əliyar Əliyev xüsusi yer tutur.

“Qarabağ” futbol klubunun əfsanəsi sayılan Allahverdi Bağırov həm idman təşkilatçısı, həm də fitri istedada malik futbolçu və məşqçi kimi Azərbaycan idman tarixinə adını yazdırdı. “Qarabağ” klubunun kapitanı Ağdamın “Qarabağ” futbol klubunun formalaşmasında, onun ilk uğurlarında aparıcı qüvvə və komandanın kapitanı olub.

Allahverdi Bağırov futbolçu karyerasını bitirdikdən sonra Ağdam şəhər uşaq-gənclər idman məktəbində məşqçi kimi fəaliyyət göstərib, yüzlərlə gəncə futbolun sirlərini öyrədib. Klub rəhbərliyi: 1976-cı ildə “Qarabağ” klubunun baş məşqçisi təyin edilmiş, qısa müddətdə komandanı respublika səviyyəli turnirlərin iddialı kollektivinə çevirib.

Digər qəhramanımız Əliyar Əliyev idman karyerası dövründə respublika və SSRİ miqyasında yüksək nəticələr göstərmiş peşəkar idmançı olub. Gənclik illərindən pəhləvanlığı ilə seçilən Əliyar Əliyev yunan-roma güləşi üzrə dəfələrlə respublika, ümumittifaq və beynəlxalq turnirlərin qalibi və mükafatçısı olub.

Əliyar Əliyev Müəllimlər İnstitutunu bitirdikdən sonra Qubadlı rayonunda bədən tərbiyəsi müəllimi və “Məhsul” Könüllü İdman Cəmiyyətinin rayon şöbəsinin müdiri kimi çalışmış, gənclərin idmana cəlb olunmasında böyük işlər görüb.

Müharibə zamanı Qubadlıda könüllü tabor təşkil edərək tabor komandiri olmuş, Laçın və Şuşanın kəndlərinin, həmçinin strateji yüksəkliklərin düşməndən təmizlənməsində şəxsən iştirak edib.

Hər iki qəhrəmanımız idmanda qazandıqları intizamı, fiziki dözümlülüyü və vətənpərvərlik ruhunu döyüş meydanına daşıyaraq canlarını Vətən uğrunda fəda etmiş və Azərbaycan gəncliyi üçün əbədi örnək olmuşdurlar.

İdman.Biz