İngiltərədə həvəskar futbolçu Darril Tomlinson faciəvi şəkildə ölümü ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
İdman.Biz "Daily Mail"ə istinadən xəbər verir ki, məhkəmədə 26 yaşlı fitness məşqçisi Meqan Merfinin avtomobilin ön şüşəsini buzdan tam təmizləmədən yola çıxması, biristiqamətli küçədə əks istiqamətdə hərəkət edməsi və yolda uzanan 31 yaşlı Darril Tomlinsonu bir neçə dəfə avtomobillə vurması məsələsi araşdşrlıb.
Məhkəmədə bildirilib ki, Tomlinson hadisədən əvvəl dostları ilə gecə gəzintisindən qayıdıb və küçədə huşsuz vəziyyətdə qalıb. Qonşulardan biri onu görərək təcili yardıma zəng edib. Lakin həm təcili yardım, həm də polis çağırışdan sonra əraziyə gəlib onu tapa bilməyib. Bu səbəbdən hadisə yerinə vaxtında müdaxilə olunmayıb və məsələ ilə bağlı ayrıca araşdırma aparılır.

Prokurorun sözlərinə görə, Merfi avtomobilə minməzdən əvvəl şüşəni cəmi bir neçə saniyə təmizləyib. Buna görə onun sürücü yerindən yolu görməsi ciddi şəkildə məhdud olub. O, əvvəlcə Tomlinsonun üzərindən keçib, sonra avtomobili geri verib və yenidən irəli hərəkət edərək onu təkrar vurub.
Hadisədən sonra Merfi polisə əvvəlcə yalan ifadə verib. O, avtomobili düzgün istiqamətdə idarə etmək istədiyini və guya geri hərəkət edərkən maneəyə dəydiyini bildirib. Lakin polis onun avtomobilinin ön şüşəsinin böyük hissəsinin buzlu olduğunu müəyyənləşdirib.

Məhkəmə materiallarında qeyd olunur ki, Merfi hadisədən sonra telefon danışığında Tomlinson barədə təhqiramiz ifadə işlədib. O, Bolton Kral Məhkəməsində təhlükəli avtomobil idarə etməklə ölümə səbəb olmaqda günahını etiraf edib.
Tomlinsonun ailəsi bildirib ki, o, futbolu çox sevən, hər zaman yaxınlarına kömək edən biri olub. Onun anası Mişel Tomlinson oğlunun ölümündə həm təcili yardımın gecikməsinin, həm də sürücünün məsuliyyətsizliyinin rol oynadığını deyib.
Yaxın günlərdə məhkəmə məşqçi barədə hökmü elan edəcək.
