Azərbaycan Badminton Federasiyasının baş katibi Əjdər Cəfərov Türkiyə Güləş Federasiyasında (TGF) mötəbər vəzifəyə təyin olunub.
İdman.Biz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının sabiq baş katibinə TGF-də beynəlxalq təmsilçilik və xarici əlaqələr üzrə direktor vəzifəsi verilib.
Məsələ ilə bağlı Ə.Cəfərov prosport.az-a açıqlamasında təklifin necə olmasından və fəaliyyət istiqamətindən danışıb:
"Bu vəzifə mənə 5 ay əvvəl təklif olunmuşdu. Məni orada güləşdə beynəlxalq hakim və baş katib işlədiyim vaxtdan tanıyırlar, yaxşı əlaqələrimiz var. Federasiya prezidenti Taha Akgülün Ağdəniz Oyunlarında hakimliyini etmişəm. Türkiyənin yunan-Roma güləş millisinin baş məşqçisi Şaban Donat isə vaxtı ilə bizim yığmada çalışıb. Bu təklif gələndə fikirləşməli oldum. Lakin Türkiyənin güləş ölkəsi olması qərarıma təsirsiz ötüşmədi. Son 10 gündə bu işə razılığımı verdim.
Məsələ burasındadır ki, buradakı işim Badminton Federasiyasındakı işimə mane olmayacaq. Çünki Türkiyədəki işimi distansiyalı, onlayn şəkildə görəcəyəm. Ora gedib-gəlməyə ehtiyac olmayacaq. Yalnız mötəbər turnirlər – dünya, Avropa çempionatları, Olimpiada və Avropa Oyunları, reytinq yarışları zamanı Türkiyə millisini yerində görmək üçün səfərlərim olacaq. Buradakı işim Dünya Güləş Birliyi ilə federasiya arasında sıx əlaqələrin olmasına köməklik göstərməkdir".
Qeyd edək ki, Əjdər Cəfərov güləş aləmində beynəlxalq təcrübəyə malik şəxsdir. O, 2011-2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. O həmçinin beynəlxalq dərəcəli hakim kimi də fəaliyyət göstərib. Ə.Cəfərov bu ilin fevralında Azərbaycan Badminton Federasiyasında baş katib vəzifəsinə təyin olunub.

