İran İslam Respublikasının idman və gənclər naziri Əhməd Dünya Malinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
İdman.Biz xəbər verir ki, avqustun 7-də İran nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib. Daha sonra Şəhidlər Xiyabanı və Zəfər abidəsinə gələrək şəhidlərin xatirəsini yad edib.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov İranın idman və gənclər naziri Əhməd Dünya Mali və geniştərkibli nümayəndə heyəti ilə görüş keçirib.
Görüşdə gənclər və idman sahələrində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələləri müzakirə olunub.
Görüşün yekununda “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun həyata keçirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planı” imzalanıb.
Qeyd edək ki, Əhməd Dünya Mali və nümayəndə heyəti Bakıda bir sıra idman qurğuları ilə də tanış olacaq.
