Serbiya idman naziri: “Federasiyalar arasında sıx əməkdaşlıq var” - MÜSAHİBƏ

10 İyun 2026 14:25
90
Serbiya idman naziri: “Federasiyalar arasında sıx əməkdaşlıq var” - MÜSAHİBƏ

“Güləş, boks və bir çox digər federasiyalarımız arasında əməkdaşlıq mövcuddur”.

Bunu Serbiyanın idman naziri Zoran Qayiç Azərbaycana səfəri çərçivəsində AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Bu, son iki ayda Bakıya ikinci səfərinizdir. Budəfəki səfərinizin məqsədi nədir?

- Bakıya səfərimin məqsədi Serbiyanın İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığın davam etdirilməsidir. Biz Azərbaycan və Serbiya prezidentlərinin qarşımıza qoyduğu vəzifəni yerinə yetirir, iki ölkə arasında bütün sahələrdə çox yaxşı münasibətlərin formalaşdırılması istiqamətində çalışırıq.

Qürurla deyə bilərəm ki, azərbaycanlı həmkarım Fərid Qayıbovla əməkdaşlığımız çox yüksək səviyyədədir. Biz sıx əməkdaşlıq edirik, federasiyalarımız da fəal işləyir. Bu, iki ölkənin prezidentlərinin qarşımıza qoyduğu vəzifənin məntiqli davamı və icrasıdır.

- Azərbaycanla Serbiya arasında idman sahəsində əməkdaşlığın hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

- Güləş, boks və bir çox digər federasiyalarımız arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq üçün şərait yaradan memorandum imzalanıb. Hazırda çoxsaylı birgə layihələr həyata keçirilir. Həm Azərbaycanda, həm də Serbiyada idmanın maraqlarının qorunması üçün idman diplomatiyası sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd etmək istərdim.

Avropa Voleybol Konfederasiyasına, Avropa Gimnastikasına, Dünya Güləş Birliyinə, Beynəlxalq Olimpiya Komitəsinə, Ümumdünya Antidopinq Agentliyinə və digər qurumlara keçirilən seçkilərə gəldikdə isə hesab edirəm ki, beynəlxalq səviyyədə mühüm nəticələr əldə etmək üçün bu sahədə fəal əməkdaşlıq vacibdir. Qürurla deyə bilərəm ki, bu istiqamətdə də əməkdaşlığımız və qarşılıqlı anlaşmamız çox yüksək səviyyədədir.

- İki ölkə arasında idman sahəsində hansı istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün potensial görürsünüz?

- İlk növbədə, söhbət uşaq və məktəb idmanından gedir. Uşaq idmanı dedikdə, Olimpiya, dünya və Avropa çempionu olmaq üçün məşq edən gələcəyin ulduzlarını nəzərdə tuturam. Bununla yanaşı, məktəb idmanının da ayrıca əhəmiyyəti var. Beynəlxalq Məktəb İdmanı Federasiyası fəaliyyət göstərir və ona voleybol üzrə milli komandanın keçmiş kapitanı Jelko Tanaskoviç rəhbərlik edir. O, iyul ayında yenidən bu vəzifəyə seçiləcək.

Digər uşaqlar üçün də imkanlar mövcuddur. Onlar sadəcə yarışlarda iştirak edir, sağlamlıqları üçün fiziki məşq və müxtəlif idman növləri ilə məşğul olur, daha sonra isə ali məktəblərdə, universitetlərdə təhsillərini davam etdirərək başqa peşələrə yiyələnirlər. Bu sahə bizdə çox inkişaf edib. Dünyanın müxtəlif ölkələrində çoxlu sayda təşkil olunmuş yarışlar keçirilir. O cümlədən Serbiyada hər il Avropa və dünya səviyyəsində bir, iki və ya üç yarış təşkil edirik. Hesab edirəm ki, bu istiqamətdə fəaliyyət göstərməklə gənclər arasında çempionlar da yetişdirmək olar.

Prezidentlərimiz arasında çox yaxşı dostluq münasibətləri və qarşılıqlı anlaşma mövcuddur. Eyni zamanda, həmkarım Fərid Qayıbovla çox yaxşı dostluq və əməkdaşlıq münasibətlərimiz formalaşıb. Məqsədimiz məktəb idmanı sistemində və müxtəlif idman növlərinin gənclər kateqoriyalarında çıxış edən yeni nəslin bir-biri ilə dostluq etməsi, birgə təlim-məşq toplanışları keçməsi, yoldaşlıq görüşlərində və müxtəlif səfərlərdə iştirak etməsidir. Çünki biz bunu ən vacib, ən maraqlı və ən əsas istiqamət hesab edirik.

- Azərbaycan və Serbiya arasında idman federasiyaları səviyyəsində yeni birgə layihələr planlaşdırılırmı?

- Hesab edirəm ki, Serbiya Məktəb İdmanı Federasiyası ilə Azərbaycandakı müvafiq qurum arasında çox səmərəli əməkdaşlıq qurmaq mümkündür. Bildiyimə görə, Azərbaycanda məktəb idmanı Elm və Təhsil

Nazirliyinin səlahiyyətlərinə daxildir.

Güləş federasiyalarına gəlincə, Serbiya və Azərbaycan federasiyaları arasında artıq çox yaxşı əməkdaşlıq qurulub. Bizim öz mütəxəssislərimiz fəaliyyət göstərir, məşqçilər çalışır, eyni zamanda, çoxlu birgə məşqlər və təlim-məşq toplanışları keçirilir.

Xüsusilə qeyd etmək istərdim ki, iki ölkənin voleybol federasiyaları arasında əməkdaşlığın daha da genişlənməsini arzulayırıq. Bir neçə aydan sonra Serbiyada Milli Voleybol Mərkəzi fəaliyyətə başlayacaq. Bu da gənclər, kişilər və qadınların daxil olduğu bütün kateqoriyalardan olan azərbaycanlı idmançıları dəvət etməyə imkan verəcək. Beləliklə, azərbaycanlı dostlarımızı qəbul edə, onların bizdə məşq keçməsinə və təcrübə mübadiləsi aparmasına şərait yarada biləcəyik. Ümid edirəm ki, bu, çox yaxın vaxtlarda baş tutacaq.

- Azərbaycan və Serbiyanın bir-birinin idman təcrübəsindən qarşılıqlı faydalana biləcəyi əsas sahələr hansılardır?

- Azərbaycan güləş, boks və cüdo kimi döyüş idman növlərində çox güclüdür. Serbiya tərəfinin Azərbaycanın təcrübəsindən yararlana bilməsi çox vacibdir. Hətta hansısa idman növündə eyni səviyyədə olsaq belə, hər bir təcrübə faydalıdır. Xüsusilə məşqçilər, idmançılar və atletlərin, eləcə də komandaların hazırlığında iştirak edən bütün mütəxəssislər arasında təcrübə mübadiləsi böyük əhəmiyyət kəsb edir. Bu, çox vacibdir. Düşünürəm ki, məşqçi, fiziki tərbiyə və idman müəllimləri hazırlayan ali təhsil müəssisələri də çox faydalı təcrübə mübadiləsi apara, öz bilik və bacarıqları ilə bir-birinə qarşılıqlı dəstək verə bilərlər. Bundan başqa, idman sahəsində universitetlərimizdə aparılan elmi-tədqiqat işləri də mühüm əhəmiyyət kəsb edir. Burada çox yaxşı tanıdığım Azərbaycan İdman Akademiyası var. Hesab edirəm ki, təcrübə mübadiləsi və bəlkə də birgə layihələrin həyata keçirilməsi çox faydalı olardı. Çünki hər iki tərəfin olimpiya, dünya və Avropa çempionları var, idman yüksək səviyyədə inkişaf edib, elmi-tədqiqat fəaliyyəti və digər istiqamətlər üzrə də geniş imkanlar mövcuddur. Biz idman təlim fraksiyası və təlim metodologiyasını tətbiq edə bilərik.

Əlbəttə, bizdə komanda idman növləri çox inkişaf edib. İlk növbədə voleybol, basketbol və su polosunu qeyd etmək olar. Həndbol da artıq yenidən dirçəlir. Bilirəm ki, Azərbaycanda qadın voleybolu güclüdür və dostum, həmkarım Faiq Qarayev bu istiqaməti layiqincə dəstəkləyir. Azərbaycanda qadın voleybolu da uğurla inkişaf edib, belə ki, 2003-cü ildən etibarən ilk medallar qazanılıb. Bildiyimə görə, Azərbaycan Avropa çempionatını təşkil edir. Buna görə də həm komanda, həm döyüş idman növlərində, həm də, əlbəttə ki, elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq imkanları mövcuddur. Məşqçi hazırlayan ali təhsil müəssisələri, müxtəlif idman növləri üzrə federasiyaların məşqçilər üçün keçirdiyi sonrakı seminarlar böyük əhəmiyyət kəsb edir.

- Serbiya və Azərbaycan arasında yeni saziş və ya təşəbbüslərin elan olunması gözlənilirmi?

- Biz müxtəlif ölkələrlə, o cümlədən Azərbaycanla əməkdaşlıq memorandumları imzaladığımız zaman mövcud imkanlar barədə məlumatları bütün federasiyalarımıza, eləcə də Azərbaycanda tanıdığım federasiyalara göndəririk ki, onlar maraq göstərdikləri istiqamətləri həyata keçirə bilsinlər. Nəticə etibarı ilə lazımi məlumatlar onlarda var. Bildiyimə görə, güləş sahəsində əməkdaşlığımız çox yaxşı səviyyədədir və birgə məşqlər keçiririk. Ola bilsin ki, komanda idman növlərində də birgə fəaliyyətin daha keyfiyyətli və daha sıx qrafikini formalaşdırmağa ehtiyac var. Lakin bu, artıq hər federasiyanın və hər bir idman növünün maraqlarından asılıdır. Biz onlar üçün zəruri şəraiti yaratmışıq.

İki nazirliyə gəldikdə isə qeyd etdiyim kimi, prezidentlərimiz arasında münasibətlər çox yüksək səviyyədədir. Ölkələrimiz arasında da çox yaxşı əlaqələr formalaşıb. Məmnuniyyətlə deyə bilərəm ki, Serbiya mediasında Azərbaycanın adı hər gün yalnız idmanla bağlı hallanmır. “AzVirt” şirkəti Serbiyada yollar inşa edir və ölkə vətəndaşları Azərbaycanın bizə dəstək göstərdiyini, o cümlədən qaz tədarükü və digər enerji layihələri məsələlərində yardım etdiyini bilirlər.

Beləliklə, Azərbaycanın Serbiyaya kömək göstərdiyi barədə məlumatlar gündən-günə daha da artır. Biz də öz növbəmizdə Azərbaycana dəstək verməyə çalışırıq. Buna görə səmimi-qəlbdən sevinirəm.

İdman.Biz