Dakarda keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarının startına geri sayım davam edir. Gənc idmançıların əsas çoxnövlü yarışının başlamasına 100 gündən də az vaxt qalıb. Qarşıdan gələn mötəbər idman tədbirinin proqramı və Azərbaycanın medal qazanmaq şansına malik olduğu növlər barədə danışmağın əsl vaxtıdır.
İdman.Biz xəbər verir ki, hələ başlamamış bu yarış artıq tarixi nailiyyətə imza atıb. Yeniyetmələrin Olimpiya Oyunları ilk dəfə Afrika qitəsində keçiriləcək. Yarışlar oktyabrın 31-dən noyabrın 13-dək Seneqalda təşkil olunacaq. Oyunların şüarı “Africa Welcomes, Dakar Celebrates” (“Afrika salamlayır, Dakar bayram edir”) olacaq.
Əslində Yeniyetmələrin Olimpiya Oyunları 2022-ci ildə keçirilməli idi. Lakin Beynəlxalq Olimpiya Komitəsi (BOK) Seneqal hökuməti ilə birlikdə pandemiyanın nəticələri və Tokioda Yay Olimpiya Oyunlarının təqviminin dəyişməsi səbəbindən yarışı 2026-cı ilə təxirə salıb.
Dakarda 25 idman növü üzrə yarışlar keçiriləcək. Bunlar oxatma, atletika, badminton, 3x3 basketbol, beysbol5, çimərlik həndbolu, çimərlik voleybolu, boks, breykinq, velosiped idmanı, qılıncoynatma, futzal, idman gimnastikası, cüdo, çimərlik güləşi, üzgüçülük, yelkənli idman, reqbi-7, atçılıq, skeytbordinq, taekvondo, uşu, stolüstü tennis, triatlon və sahil avarçəkməsidir.
Yarışlar üç məkanda təşkil olunacaq. Dakar şəhərində atletika, üzgüçülük, 3x3 basketbol da daxil olmaqla əksər yarışlar keçiriləcək. Diamniadioda açılış və bağlanış mərasimləri, həmçinin cüdo, gimnastika, taekvondo, qılıncoynatma və badminton yarışları baş tutacaq. Sali şəhərində isə çimərlik idman növləri, triatlon, yelkənli idman və avarçəkmə üzrə mübarizə keçiriləcək.
Azərbaycan millisinin heyəti hələ formalaşma mərhələsindədir. Nəzərə almaq lazımdır ki, Dakar-2026 üçün xüsusi kvota sistemi tətbiq olunur. Bir çox idman növündə iştirak yalnız təsnifat yarışlarının nəticələri ilə deyil, həm də BOK və beynəlxalq federasiyaların birgə təqdim etdiyi dəvətlər əsasında müəyyənləşdirilir. Bir sıra növlərdə təsnifat mərhələsi hələ də davam edir. Ənənəvi olaraq cüdo, güləş və taekvondo üzrə uğurlu çıxış gözlənilir.
Ən böyük ümidlər cüdoçulara bağlanır. Çünki yeniyetmələrdən ibarət yığma komanda son illərdə davamlı olaraq yüksək nəticələr göstərir. Bu yaxınlarda kadetlər arasında Avropa çempionatında millimiz, xüsusilə yüngül çəki dərəcələrində, liderliyini bir daha təsdiqləyib. Son beş ildə cüdoçularımız həmin çəkilərdə 11 qızıl medal qazanıblar. Bundan başqa, boks, çimərlik güləşi, taekvondo və digər növlərdə də idmançılarımızın uğurlu çıxışı mümkündür.
Bununla belə, Buenos-Ayresdə keçirilən 2018-ci il Yeniyetmələrin Olimpiya Oyunları ilə müqayisədə proqramda ciddi dəyişikliklər edilib. Həmin yarışlarda Azərbaycan iki qızıl, bir gümüş və üç bürünc medal qazanmışdı. Bu dəfə proqramda ağır atletika yer almır, klassik güləş yarışları isə çıxarılıb və yalnız çimərlik güləşi saxlanılıb. Görünür, proqramın formalaşmasına yarışın keçiriləcəyi məkan da təsir göstərib. Afrikanın iqlim xüsusiyyətləri nəzərə alınaraq, çimərlik idman növlərinə daha çox üstünlük verilib.
BOK bu Oyunları güclü təhsil və sosial irs layihəsi kimi təqdim edir. Bu baxımdan Yeniyetmələrin Olimpiya Oyunları Afrikada idmanın inkişafına yeni təkan vermək imkanı kimi qiymətləndirilir. Eyni zamanda gender bərabərliyi, ekoloji davamlılıq və mədəni-təhsil proqramları vasitəsilə gənclərin prosesə cəlb olunmasına da xüsusi diqqət yetirilir.
