Ronaldu və Anri futbol serialında rol alacaq

27 İyul 2026 09:35
113
Ronaldu və Anri futbol serialında rol alacaq

Portuqaliya millisinin kapitanı və “Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu futbol meydanından kənarda növbəti böyük layihəsinə başlayır.

İdman.Biz AS nəşrinə istinadən xəbər verir ki, 41 yaşlı ulduz “Day 1s” adlı futbol mövzulu dram serialında həm icraçı prodüser, həm də aktyor kimi iştirak edəcək.

Bu, Ronaldunun karyerasındakı ən iri əyləncə layihələrindən biri hesab olunur. O, peşəkar futbolçu kimi çıxışını davam etdirməklə yanaşı, aktyorluq sahəsində də debüt edəcək.

Serialın süjeti Damian Lyuisin canlandırdığı məşhur futbol agenti Stenli Daltonun gerçək olmayan hekayəsi ətrafında qurulub. Layihə futbol agentlərinin fəaliyyəti, transfer danışıqları, münasibətlər və bu peşənin yaratdığı təzyiqləri pərdəarxası şəkildə tamaşaçılara təqdim edəcək. Dram elementləri yumorla da zənginləşdiriləcək.

Çəkilişlər artıq İngiltərədə start götürüb və bəzi səhnələr “Barnet” klubunun stadionunda lentə alınıb.

Layihədə daha bir futbol əfsanəsi – sabiq “Arsenal” və Fransa millisinin hücumçusu Tyerri Anrinin də rol alacağı gözlənilir.

Serial "UR•Marv Studios" tərəfindən istehsal olunur. Bu şirkəti Ronaldu cari ilin əvvəlində məşhur rejissor Metyu Vonla birlikdə təsis edib. Von “Kingsman” və “Kick-Ass” kimi məşhur filmlərin rejissoru kimi tanınır.

İdman.Biz