Messinin heykəli başqa yerdə daşıdılar: Kəlküttədə təhlükə yarandı - FOTO/VİDEO

2 İyun 2026 17:19
79
Messinin heykəli başqa yerdə daşıdılar: Kəlküttədə təhlükə yarandı - FOTO/VİDEO

ABŞ-nin “İnter Mayami” futbol komandasında çıxış edən argentinalı futbolçu Lionel Messinin Hindistanın Kəlküttə şəhərindəki 70 futluq heykəli təhlükəsizlik səbəbindən sökülüb.

İdman.Biz xəbər verir ki, qərar yerli sakinlərin şikayətlərindən sonra qəbul edilib.

“The Times of India”nın məlumatına görə, Kəlküttənin Leyk-Taun ərazisində yerləşən heykəl güclü külək və fırtına zamanı yellənməyə başlayıb. Bundan sonra Qərbi Benqalın İctimai İşlər Departamentinin əməkdaşları əraziyə baxış keçiriblər.

Yoxlama zamanı heykəlin bünövrə boltlarında qüsurlar aşkarlanıb. Mütəxəssislər konstruksiyanın ictimai təhlükəsizlik üçün risk yaratdığını və yerində saxlanılacağı halda aşa biləcəyini bildiriblər.

Heykəl hidravlik kran vasitəsilə postamentdən endirilib və yük maşınına yerləşdirilib. Onun hələlik İctimai İşlər Departamentinin nəzarətində qalacağı, gələcəkdə harada quraşdırılacağı ilə bağlı yekun qərarın verilmədiyi qeyd olunur.

Qeyd edək ki, Messinin Dünya Çempionatı kubokunu əlində tutduğu bu heykəl onun 2025-ci ilin dekabrında Hindistana “GOAT Tour” səfəri zamanı təqdim edilib.

İdman.Biz