Bakıda uşaqlara peşəkar idmana qoşulmaq imkanı yaradılıb - FOTO

2 İyun 2026 11:45
73
Bakıda uşaqlara peşəkar idmana qoşulmaq imkanı yaradılıb - FOTO

Bakıda “Gələcəyin çempionları” təşəbbüsü çərçivəsində uşaqlara seçdikləri idman növü üzrə bir aylıq peşəkar məşq proqramına qoşulmaq imkanı verilib.

İdman.Biz xəbər verir ki, layihə iştirakçıları adlarını, soyadlarını və məşğul olmaq istədikləri idman növünü qeyd ediblər. Seçim mərhələsindən sonra uşaqlar müvafiq federasiyaların mütəxəssislərinin rəhbərliyi altında məşq keçmək şansı qazanıblar.

Gənclər və İdman Nazirliyi, eləcə də bir sıra milli idman federasiyalarının təşkil etdiyi təşəbbüs uşaqların idmana cəlb olunmasına xidmət edir və onların peşəkar idman mühiti ilə daha yaxından tanış olmalarına şərait yaradır.

Qeyd edək ki, layihə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlər çərçivəsində həyata keçirilib. İçərişəhərdə uşaqlar üçün taekvondo, cüdo, şahmat, kapoeyra, güləş və gimnastika üzrə idman fəaliyyətləri təşkil olunub.

Bundan əlavə, feys-art (üz boyama) və tanınmış Azərbaycan güləşçilərinin iştirakı ilə avtoqraf sessiyası keçirilib. Tədbirdə Olimpiya Oyunlarının, dünya və Avropa çempionatlarının mükafatçıları Hacı Əliyev, Cəbrayıl Həsənov, Rövşən Bayramov və Taleh Məmmədov iştirak ediblər.

Həmçinin dünən “Dədə Qorqud” parkında avarçəkmə və yelkənli idman növləri üzrə açıq məşq təşkil olunub.

FOTO: İslam Atakişiyev

İdman.Biz