“Əlamətdar hadisələr və uğurlarla yadda qalan may ayında bir sıra mühüm tədbirlərin, tarixi anların və idman nailiyyətlərinin şahidi olduq”.
İdman.Biz xəbər verir ki, bu fikirlər gənclər və idman naziri Fərid Qayıbov may ayının idman nəticələrini dəyərləndirərkən yazıb.
Nazir qeyd edib ki, “Dünya İdman Paytaxtı” olan Bakı bu ay da beynəlxalq və yerli əhəmiyyətli müxtəlif yarışlara uğurla ev sahibliyi etdi:
“Milli Gimnastika Arenasında artıq üçüncü dəfə təşkil olunan bədii gimnastika üzrə Avropa Kubokunda 32 ölkənin gimnastları mübarizə apardı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın ailə üzvləri ilə birlikdə yarışları izləməsi iştirakçılar üçün xüsusi motivasiya və diqqət nümunəsi oldu”.
O, sayca 57-ci “Nazirin Nöqteyi-Nəzəri”ndə bildirib ki, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında IV minifutbol turnirinin yekunu final öncəsi keçirilən maraqlı qarşılaşma ilə yadda qalıb:
“İlk dəfə olaraq “Hökumət” və “Parlament” komandaları arasında təşkil olunan yoldaşlıq görüşü böyük maraq doğurdu. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyun ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılandı. Belə görüşlərin keçirilməsi idmanın və sağlam həyat tərzinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır.
Ənənəvi olaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu” bu il ilk dəfə 42 kilometrlik tam marafon məsafəsində təşkil olundu. Bu, ölkəmizdə kütləvi idmana və xüsusilə qaçışa marağın artmasının göstəricisidir”.
Nazir vurğulayıb ki, ayın diqqətçəkən yeniliklərindən biri də Bakı-Xankəndi beynəlxalq velosiped yarışı olub:
“Beş mərhələdən ibarət yarışın ilk mərhələsi “Sea Breeze”dən start götürərək Sumqayıtda başa çatdı. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komandanın üzvləri Bakı–Şamaxı–İsmayıllı, Qəbələ–Oğuz–Şəki–Mingəçevir, Gəncə–Göygöl–Goranboy–Suqovuşan–Talış–Naftalan və Tərtər–Ağdam–Füzuli–Şuşa–Xankəndi marşrutları üzrə ümumilikdə 850 kilometr məsafə qət edərək Xankəndi şəhərində finişə çatdılar”.
Qayıbov bildirib ki, ölkəmiz daha bir nüfuzlu tədbirə - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edib:
“Gənclərimiz həmişə olduğu kimi, bu qlobal tədbirdə də fəal iştirak etdilər. WUF13 günlərində, “Bakı Şəhərsalma Həftəsi” və eləcə də “Bakı 2026 – Dünya İdman Paytaxtı” çərçivəsində “SPLASH for Swimmable Cities” təşəbbüsünə qoşularaq dənizdə üzmə aksiyası təşkil etdik. “Sea Breeze”də keçirilən aksiyada BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) iştirakçıları, idmançılar və üzgüçülük həvəskarları da iştirak etdilər. Ay ərzində “Baku Open-2026” Beynəlxalq Şahmat Festivalı, Azərbaycan Basketbol Liqasının final seriyası, Bakıda ilk dəfə keçirilən çimərlik voleybolu üzrə “King & Queen of the Court” turniri, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan veteranlar arasında minifutbol yarışı və digər yarışları da canlı izləmək imkanımız oldu”.
Nazir qeyd edib ki, Bakıda Serbiyanın idman naziri Zoran Qayiçlə keçirdiyimiz görüşdə iki ölkə arasında idman sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq:
“Xüsusi Olimpiya Avropa–Avrasiya Regional Ofisinin İdman və Təşkilati İnkişaf üzrə vitse-prezidenti Miroslav Kroquletslə inklüziv idmanın inkişafı, xüsusi qayğıya ehtiyacı olan şəxslərin idmana cəlb olunması istiqamətində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanlarını müzakirə etdik.
Ay ərzində həyata keçirdiyimiz yeni layihələrdən biri də “Çempionların axtarışındayıq – sən də qoşul!” təşəbbüsü oldu. İdman federasiyaları ilə birgə icra etdiyimiz bu layihənin əsas məqsədi regionlarda seleksiya işini daha səmərəli təşkil etmək, istedadlı və potensiallı uşaqları aşkar edərək peşəkar məşqçilərin rəhbərliyi altında idmana cəlb etməkdir. Müxtəlif regionları əhatə edəcək layihənin ilk seçim mərhələsi Qazax–Ağstafa bölgəsində uğurla başa çatdı.
İdman federasiyaları və idmançılarla ənənəvi görüşlərimiz may ayında da davam etdi. Regionlarda keçirdiyimiz vətəndaş qəbulu çərçivəsində bu dəfə İmişli şəhərində Saatlı, Sabirabad və İmişli rayonlarının sakinləri ilə görüşdük”.
Qayıbovun sözlərinə görə, əməkdar həkim, veteran idman həkimi Boris Xetaqurovun “50 il futbolda” adlı kitabının nəşri idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılandı:
“Hesab edirəm ki, tanınmış idman simalarının həyat və fəaliyyət yolunun kitablaşdırılması gənc nəsil üçün mühüm örnəkdir.
Növbəti Kollegiya iclasında bir sıra vacib qərarlar qəbul etdik. Kollegiyanın qərarı ilə Azərbaycan Su İdmanı Növləri Federasiyasının fəaliyyət istiqamətinə balıqçılıq idman növü də əlavə olundu və bu idman növü ölkə ərazisində inkişaf etdirilən idman növü kimi tanındı. Eyni zamanda, “Motosiklet İdmanı Federasiyası” İctimai Birliyinin respublika idman federasiyası statusu təsdiq edildi.
Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağında Ənvər Ənvərli 4 il müddətinə federasiyanın yeni prezidenti seçildi. Federasiyanın yeni rəhbərliyinə uğurlar arzulayır, 22 il ərzində federasiyaya rəhbərlik etmiş Oqtay Əsədova uzunmüddətli fəaliyyətinə görə təşəkkürümü bildirirəm. Azərbaycan Şahmat Federasiyası da növbəti hesabat konfransını keçirərək gələcək inkişaf prioritetlərini müəyyənləşdirdi.
Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Cənub” İdman Klubunda boks və cüdo zallarının istifadəyə verilməsi Bakıətrafı qəsəbələrdə gənclərin idmana cəlb olunması istiqamətində atılmış növbəti mühüm addım oldu”.
O, Bakı Slavyan Universitetində “Müasir şəhərsalma vizyonu: ənənə və innovasiyanın harmoniyası” mövzusunda rəqəmsal ideya müsabiqəsinin bağlanış mərasimində iştirak etdik:
“İmişli Peşə Məktəbində keçirilən görüşdə isə gənclərlə təhsil, idman və şəxsi inkişaf mövzularında fikir mübadiləsi apardıq, dövlət gənclər siyasəti çərçivəsində həyata keçirilən layihələr və yaradılan imkanlar barədə məlumat verdik, onların suallarını cavablandırdıq.
Beynəlxalq forum, müsabiqə və digər tədbirlərdə ölkəmizi təmsil etmiş gənclərlə keçirilən görüşdə onların qazandıqları təcrübələr barədə söhbət apardıq. ABŞ, Çexiya, Avstriya, Yunanıstan, Moldova, Tacikistan və Türkiyədə təşkil olunan tədbirlərdə ölkəmizi layiqincə təmsil edən gənclərimizi təbrik edir, fəaliyyətlərində davamlı uğurlar arzulayıram.
“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda keçirilən forum, BMT-nin Məskunlaşma Proqramının təşkilatçılığı ilə baş tutan Uşaqlar və Gənclər Dəyirmi Masası və digər tədbirlər Azərbaycan gənclərinin dayanıqlı inkişaf proseslərinə fəal şəkildə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıdı.
Ümumilikdə, may ayını həm gənclərin fəallığı, həm də idman sahəsində qazanılan uğurlar baxımından məhsuldar hesab edirəm. İnanıram ki, əldə olunan təcrübə və nailiyyətlər bizi daha böyük uğurlara və yeni qələbələrə aparacaq”.
