Federasiyaların təmsilçilərinə sertifikatlar təqdim olunub - FOTO

30 May 2026 19:39
61
Federasiyaların təmsilçilərinə sertifikatlar təqdim olunub

Mayın 27-dən 30-dək “İdman Paytaxtı” Qazax şəhərində federasiyaların mətbuat katibləri və media üzrə məsul şəxsləri üçün media və PR bacarıqlarının inkişafı üzrə təlim keçirilib.

İdman.Biz bildirir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan İdman Akademiyasının birgə təşkilatçılığı ilə Qazax Olimpiya İdman Kompleksində baş tutan təlim Böyük Britaniyanın tanınmış media eksperti, beynəlxalq media və kommunikasiya üzrə mütəxəssis Ceyms Taker və beynəlxalq idman idarəçiliyi, təhsil və kommersiya strategiyası üzrə məsləhətçi Julis MakQiver tərəfindən aparılıb.

Təlimin açılışında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, təlimçi Ceyms Taker çıxış ediblər.

Təlim zamanı iştirakçılara idman kommunikasiya strategiyaları, media ilə işin səmərəli təşkili və ictimaiyyətlə əlaqələrin qurulması mövzularında praktiki biliklər verilib. Sessiyalar interaktiv formatda təşkil olunub və iştirakçıların bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.

Təlimin sonuncu günü gənclər və idman nazirinin müşaviri Ramil Cabbarov tərəfindən “Sosial medianın effektiv istifadəsi” mövzusunda təlim keçirilib.

Təlim iştirakçıları üçün Qazax Rayon İcra Hakimiyyəti tərəfindən Qazax rayonunun tarixi və mədəniyyət abidələrinə ziyarət təşkil olunub.

Həmçinin iştirakçılar arasında basketbol, minifutbol, voleybol, həndbol, stolüstü tennis və digər idman növləri üzrə yarışlar təşkil olunub, intellektual oyun keçirilib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

İdman.Biz