Bu gün Azərbaycanda Müstəqillik Günüdür.
İdman.Biz bildirir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 108 il ötür.
Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.
Uzun bir dövr Azərbaycan Çar Rusiyasının müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.
Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.
ADR təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və birinci respublika süqut edib.
Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb. Milli Məclisin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün Prezident İlham Əliyev tərəfindən “Müstəqillik Günü haqqında” qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilib. Azərbaycanda Müstəqillik Günü qeyri-iş günüdür və hər il bayram kimi qeyd olunur. Bu bayram artıq altıncı ildir ki, işğaldan azad edilən ərazilərdə də qeyd olunur.
