Şuşada aykido və milli rəqs bir araya gəldi - FOTO

26 May 2026 12:47
147
Şuşada aykido və milli rəqs bir araya gəldi - FOTO

Şuşada aykido idman növü ilə Azərbaycan milli rəqs elementlərinin sintezindən ibarət xüsusi proqram təqdim edilib.

İdman.Biz xəbər verir ki, “Azərbaycan-Yaponiya Aykido və Mədəni Mübadilə Layihəsi 2026” Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və Qarabağ Təlim Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilib.

Layihə çərçivəsində Yaponiyadan dəvət olunan aykido ustası Cuniçi Qomita Sensei, diaspor fəalı və Tanabe Şəhər Bələdiyyəsinin Beynəlxalq Mübadilə Mərkəzinin mədəniyyət məsələləri üzrə koordinatoru Minarə Şükürova, Azərbaycandan olan aikidoçular, Azərbaycan Mugenryu Kobudo İdman Klubu İctimai Birliyinin sədri Bəxtiyar Zeynalov, eləcə də beynəlxalq xoreoqraf-baletmeyster Lalə Aslanova Qarabağa səfər ediblər.

Səfər Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Şuşada keçirilən proqramda aykido məşqləri və Azərbaycan milli rəqs elementləri bir araya gətirilib.

Layihənin əsas məqsədi Azərbaycan və Yaponiya arasında idman və mədəni əlaqələrin gücləndirilməsi, həmçinin Qarabağın beynəlxalq mədəni mübadilə məkanı kimi tanıdılması olub.

İdman.Biz