Avtoidman üzrə “Indy 500” yarışında Ed Karpenter qəza etdikdən sonra Takuma Satoya sərt reaksiya verib.
İdman.Biz xəbər verir ki, hadisə Rayan Hanter-Rey və Ketrin Leqqe arasında 18-ci dövrədə yaşanan insidentdən sonra verilən restart zamanı baş verib. Restartda Karpenter bir neçə bolidin arasında qalıb, həmin qrupda “Indy 500”ün ikiqat qalibi Sato da olub.
Məlumata görə, Sato Karpenterin yanında olduğunu görməyib. Nəticədə amerikalı pilot idarəetməni itirərək birinci döngədə baryerə çırpılıb və bolidi ciddi zədələnib.
Qəzadan sonra maşından çıxan Karpenter təhlükəsizlik rejimində dövrəni tamamlayan Satonu gözləyib. O, yaponiyalı sabiq “Formula-1” pilotuna barmaqla işarə edərək iki dəfə kobud ifadə ilə etirazını bildirib.
