Ekstremal idmançılar “Assassin’s Creed” oyun seriyasının məşhur “inam tullanışı”nı real həyatda təkrarlayıblar.
İdman.Biz xəbər verir ki, “Red Bull” və “Ubisoft”un birgə layihəsində idmançılar “Assassin’s Creed Black Flag Resynced” üslubunda hazırlanmış səhnələrdə bir neçə təhlükəli fənd yerinə yetiriblər.
Çəkilişdə dörd idmançı iştirak edib. Onlar qayadan suya, pirat gəmisindən suya, krandan quma və sonda hündürlükdən ot tayasına tullanıblar. Ən diqqətçəkən məqam Dominik Di Tommazonun 18 metr hündürlükdən ot tayasına tullanması olub. Bundan sonra Lilu Ryuel də 18,1 metrlik tullanışla nəticəni daha da yüksəldib.

Məlumata görə, bu nəticə ot tayasına ən hündür tullanış üzrə yeni dünya rekordu kimi təqdim olunur. Əvvəlki göstərici 17 metr hesab edilirdi.

Təşkilatçılar akrobatik fəndlər zamanı xəsarət alan olmadığını bildiriblər.
Qeyd edək ki, “inam tullanışı” “Assassin’s Creed” oyun seriyasının ən məşhur elementlərindən sayılır. Oyunlarda personaj hündür nöqtədən tullanaraq ot tayasına və ya oxşar yumşaq yerə enir.
