Azərbaycan bodibilderləri yeni mövsümə başlayır - İDMAN.BİZ-in İCMALI

17 Aprel 2026 16:41
177
Azərbaycan bodibilderləri yeni mövsümə başlayır - İDMAN.BİZ-in İCMALI

Azərbaycan bodibilderləri yeni mövsümə start verirlər. Milli federasiya 26 apreldə ölkə kubokunun ənənəvi məkan olan “Jolly Joker Events Hall”da keçiriləcəyini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bir neçə gün sonra isə (1-4 may) yığma komanda İspaniyanın Santa-Susanna şəhərində keçiriləcək Avropa çempionatında çıxış edəcək.

Ənənəyə uyğun olaraq mövsümün ilk daxili yarışına böyük ümidlər bəslənir. Çünki idmançılar ölkə yarışlarında göstərdikləri nəticələrlə beynəlxalq arenada da uğur qazana biləcəklərini nümayiş etdirirlər.

Bu barədə Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev də danışıb:

“Ölkə kuboku və ya çempionatında ilk üçlüyə düşən hər bir idmançı xaricdə də ən güclülər sırasında olur. Bizim idmançıların səviyyəsi Beynəlxalq Federasiyanın prezidenti Rafael Santoxo tərəfindən də yüksək qiymətləndirilir. Bu, böyük dəyərdir və bizim vəzifəmiz bu keyfiyyəti qorumaq və nəticələri daha da artırmaqdır”.

Rauf Bünyatəliyev əlavə edib ki, Azərbaycan bodibildinqdə artıq əsas rəqiblərdən biri kimi qəbul olunur:

“Rəqiblər üçün bizim komanda keyfiyyət göstəricisidir, idmançılarımızdan çəkinirlər. Bu həm böyük nailiyyətdir, həm də bayraq altında çıxış edən idmançılar üçün əlavə motivasiyadır”.

Yaxınlaşan ölkə kubokunda klassik bodibildinq, “Men’s Physique” (çimərlik bodibildinqi), bodifitnes və digər kateqoriyalar üzrə medallar uğrunda mübarizə aparılacaq. Eyni zamanda, yeniyetmələr də səhnəyə çıxacaq və mütləq kateqoriyalarda da qaliblər müəyyənləşəcək.

Daha sonra yığma komanda İspaniyaya yollanacaq və Avropa çempionatında medal uğrunda mübarizə aparacaq. Ötən il Santa-Susannada bodibilderlər dörd qızıl, iki gümüş və altı bürünc medal qazanıblar. Mütləq çempionluqları isə bodibildinqdə İsmayıl Xabiyev, “Muscular Men’s Physique”də Hidayət Quluzadə əldə edib. Komanda son illərdəki nəticələrə görə yenə də favoritlər sırasında göstərilir – iki il əvvəl isə Azərbaycan Avropa çempionatında ümumi komanda hesabında 1-ci yeri tutmuşdu.

Avropa çempionatı ilin birinci yarısının əsas yarışı olacaq. Daha sonra isə 1–5 oktyabr tarixlərində BƏƏ-nin Əcman şəhərində dünya çempionatına hazırlıqlar başlayacaq. Beləliklə, ardıcıl ikinci ildir ki, mundial Körfəz ölkələrində keçirilir – 2024-cü ildə yarış Səudiyyə Ərəbistanının Əl-Xubar şəhərində baş tutmuşdu. Orada Azərbaycan “dəmir adamları” üç qızıl, iki gümüş və bir bürünc medal qazanmışdı. “Men’s Physique” kateqoriyasında isə mütləq çempionluğu Aşur Abdullayev əldə etmişdi.

İdman.Biz