“20 ilə yaxındır ki, futbol reportajı aparmıram. Bununla belə, görənlər deyir ki, “hə, müəllim, siz futbol reportajı aparansız”. Deməli, futbol reportajlarında mən müəyyən qədər nəyəsə nail olmuşam ki, məni hələ də xatırlayırlar. 47 illik fəaliyyətimə görə qətiyyən peşman deyiləm”.
İdman.Biz bildirir ki, bu sözləri tanınmış idman şərhçisi, əməkdar jurnalist Fikrət Adıgözəlli ASAN TV-yə müsahibəsində deyib.
Adıgözəlli bu sənətə necə gəlməsindən və idmana olan marağından da danışıb.
“Mən orta məktəbdə güləş bölməsinə gedirdim. Təxminən bir il getdim. Bir gün məşqçi çağırdı ki, “Fikrət, oğul, sən bundan sonra güləşlə məşğul olma. Demirəm ki, sən pis idmançısan, ancaq güləşçi olmaq üçün ürəyində bir az qəzəb, kin, hiddət, zorakılıq olmalıdır. Səndə bu keyfiyyətlər yoxdur. Sən yaxşısı budur futbola get. Boksa da getmə, cüdoya da getmə. Futbolda sən uğur qazana biləcəksən”.
Onun sözünə əsasən, Respublika Stadionundakı futbol bölməsinə getdim, Məşqçi rəhmətlik Ələkbər Cəfərov idi. Bir azdan respublikanın yeniyetməlrdən ibarət seçmə komandasına düşdüm. Qapıçı olaraq. Nəticələr pis deyildi, amma bir ildən sonra jurnalistika fakültəsinə qəbul başladı və mən qəbul olundum. Beləliklə, futboldan da vidalaşmalı oldum. Futbol qapıçılığını idman jurnalistikasına dəyişdim. Mənim güləşdə də, futbolda da məşq etməyim mənim ixtisasımda çox mühüm rol oynadı. Artıq bəzi şeyləri bilirdim”, - şərhçi bildirib.
O, reportajla şərh arasındakı fərqdən söz açıb və öz praktikasından nümunələr gətirib:
“Oyundan reportaj da aparmaq olar, şərh etmək də. Türk spikerlər ancaq oyundan reportaj verirlər. Yalnız oyunçuların adlarını və nə etdiklərini eşidirsən. Şərh isə başqa şeydir. Məsələn, futbolçu topu sağ cinaha ötürdü, sol cinahda isə hücumu daha yaxşı qurmaq olardı. Bu artıq şərhdir.
İlk növbədə azarkeşin öz dilində danışmalısan. Bəzən emosional olmaq, bəzən azarkeşin görmədiyi hansısa məqamı görmək lazımdır. Bunlar mənim uğurlarımın birinci səbəbləridir. 1996-cı ildə Azərbaycan – İsveçrə oyununu elə emosional şərh etmişəm ki, ondan sonra hətta üç ay müalicə olunmuşam. O qədər həyəcan, sarsıntı keçirmişdim ki”.
Adıgözəlli hazırkı bəzi şərhçilərin üslübuna tənqidi yanaşıb.
“İndi çox gözəl reportaj aparanlarımız var müxtəlif kanallarda. Lakin 90 dəqiqə gözəl reportaj apara bilərsən, lakin bircə dəfə azarkeşin dilindən kənar ifadə işlətsən o ifadə pis reaksiyaya səbəb olur. Və o reportaj onunla da öz dəyərini itirməyə başlayır. Hazırda bununla bağlı çox kəskin problem yaranıb. Hətta bu problem dövlət səviyyəsinə qalxıb. Bunu Prezident İlham Əliyev də qeyd edib.
Yabançı ifadələri dilimizə gətirməklə o şərhçi ağıllı olmur, əksinə, dilimiz korlanır. Məsələn, gənc şərhçilərimizə deyirəm ki, “topu göndərdi” ifadəsi düzgün deyil. Topu göndərmirlər, vururlar. Və yaxud “meydandan qalib ayrıldı” ifadəsi Azərbaycan dilində yoxdur. “Qalib gəldi, qələbə qazandı, məğlub etdi” var. Ya da “performans” və “motivasiya” sözləri. Bunları “çıxış”, “ruhlandırma” və digər sözlərlə əvəz etmək olar. Nəyə görə “motivasiya” və “performans”ın arxasında gizlənirik? Şərhçilərimiz bu məqamlara diqqət yetirməlidirlər. 10-15 ildən sonra gec olacaq”.
Fikrət Adıgözəlli özünün şərh etmə üslubüna tənqidi yanaşanlara da cavab verib:
“Həmişə Azərbaycan idmanını təbliğ etməkdən zövq almışam. Vaxtilə İspaniya, Almaniya, Azərbaycan və sairə çempionatlarının oyunundan reportaj zamanı həmin günlərdə Azərbaycanın digər idman növləri üzrə yarışda qazandığı nailiyyətləri tamaşaçılara çatdırmağı özümə borc bilmişəm. Çünki mən Azərbaycan üçün reportaj aparıram, İngiltərə, İspaniya, İtaliya üçün yox. Bir vaxtlar Polşanın Qdansk şəhərində bizim şahmatçıların uğurları barədə dediklərimi məzəli qarşılamışdılar. Bu gün olsa, yenə onu qeyd edərəm. Mən “Barselona”nın qələbəsindən çox, bizim idmançının qələbəsindən ruhlanıram”.
Əməkdar jurnalist əfsanəvi futbol hakimi Tofiq Bəhramovla ünsiyyətinə də toxunub:
“Tofiq Bəhramovla görüşlərim olub, ona suallar vermişəm. Birinci dəfə onu görməyim qeyri-adi olub. Mən reportaj aparan zaman Tofiq Bəhramov kabinəyə daxil olub. Hava pis idi, o da oyuna baxmaq istəyirdi. Dedi ki, “mən burada əyləşə bilərəm?”. Dedim “buyurun Tofiq müəllim, siz əyləşməyəndə kim əyləşəcək?”. Reportaj bitəndə dedi ki, “oğul reportajın çox xoşuma gəldi. Yaxşı şərh etdin, bol informasiya verdin”.
Belə deyəndə mən ürəkləndim. Biz Tofiq Bəhramovdan nəyisə soruşmağa cürət etməzdik. Amma mən həmin məqamda dedim ki, “Tofiq müəllim bir sual vermək olar?” Dedi “əlbəttə, bilirəm nəyi soruşacaqsan”. Dedin “66-cı ildə hardan bildiniz ki, qol olub?”. Dedi “Oğul, qol olub-olmadığını mən 100% deyə bilmərəm. Amma o epizoda görə bütün dünyada məşhur oldum”. Səmimi cavab verdi. Sonradan yeni texnologiyalar sübut etdilər ki, orda qol olub”.
“Hər bir işin vurğunu olmaq lazımdır. İnsan gördüyü işdən zövq almırsa, bu işgəncəyə çevrilir”, - Adıgözəlli sözünü yekunlaşdırıb.
