Milli Qurtuluş Gününə həsr olunmuş “Cəsur kadet” sınaq günləri iyunun 15-dən 17-dək “Gənclər Paytaxtı” Goranboyda keçiriləcək.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutacaq tədbir Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunacaq.
Tədbirin məqsədi gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və Zəfər tariximizin gənc nəslə daha yaxından tanıdılmasıdır.
Üç gün davam edəcək sınaq günlərində iştirakçılar "Maneələr zolağının dəf olunması", "Avtomatın sökülüb-yığılması", "Darağa patronların doldurulub-boşaldılması", "Pnevmatik silahla hədəfə atəş açılması", "Airsoft silahla praktiki atışlar", "Qumbara qaçışı", "Elektron tirdən atışlar", "Qum kisəsi ilə qaçış", "Yük maşını təkərinin çevrilməsi", “Şuşa əməliyyatı” qum sandığında, “Zəfər” çadırı kimi fəaliyyətlərdə iştirak edəcəklər. Bütün tapşırıqları uğurla yerinə yetirən iştirakçılar sertifikatla təltif olunacaqlar.
