Bu gün futbol üzrə 2026 Dünya Çempionatına start verilir. Açılış günündə Cənubi Afrika Respublikası Meksika ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Mundial həyəcanının başladığı bu gündə biz də İdman.Biz olaraq CAR-ın ənənəvi oyunlarından birinə nəzər salmaq qərarına gəldik.
Cənubi Afrika Respublikası çoxmillətli və zəngin mədəniyyətə sahib ölkələrdən biridir. Bu səbəbdən burada yalnız bir xalqa aid edilən tək “milli oyun”dan danışmaq çətindir. Ancaq ölkənin yerli ənənəvi oyunları arasında xüsusi seçilən nümunələr var. Onlardan biri də Morabarabadır.
Morabaraba iki nəfər arasında oynanan zəka oyunudur. İlk baxışdan sadə görünür: oyunçular lövhə üzərində daşları və ya fiqurları hərəkət etdirir, üç fiquru bir xətt üzrə düzməyə çalışırlar. Amma oyunun əsas cazibəsi də məhz buradadır - sadə qaydaların arxasında dərin taktika dayanır.
Bu oyunun ən maraqlı tərəflərindən biri fiqurların “inək” adlandırılmasıdır. Bu detal təsadüfi deyil. Morabaraba uzun illər Cənubi Afrikanın kənd yerlərində, xüsusilə maldarlıqla məşğul olan icmalar arasında geniş yayılıb. Oyun lövhəsi bəzən xüsusi taxta üzərində deyil, torpağın, qumun və ya daşın üzərinə çəkilən xətlərlə hazırlanıb. Fiqur kimi isə xırda daşlardan, toxumlardan, sikkələrdən və ya gündəlik həyatda tapılan başqa əşyalardan istifadə edilib.
Morabarabanın məqsədi rəqibin “inəklərini” tədricən oyundan çıxarmaqdır. Hər oyunçuda 12 fiqur olur. Onlar növbə ilə fiqurlarını lövhəyə yerləşdirirlər. Üç fiquru bir xətt üzrə düzən oyunçu “dəyirman” qurmuş sayılır və rəqibin bir fiqurunu oyundan çıxarmaq hüququ qazanır. Daha sonra fiqurlar lövhə üzrə hərəkət etdirilir. Rəqibin yalnız iki fiquru qalanda və ya o, artıq gediş edə bilməyəndə oyun başa çatır.
Morabaraba yalnız əyləncə vasitəsi deyil. Bu oyun uşaqlara səbr, diqqət, plan qurmaq və rəqibin gedişini əvvəlcədən hesablamaq bacarığı aşılayır. Kənd meydanlarında, ailə çevrəsində və icma toplantılarında oynanması onu sadə oyundan daha böyük mədəni hadisəyə çevirib.

Bu gün Morabaraba Cənubi Afrikanın yerli ənənəvi oyunları arasında tanınır. Ölkədə keçirilən “Indigenous Games” tədbirlərində bu cür oyunlar mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Morabarabanın gözəlliyi onun sadəliyindədir. Nə böyük stadion lazımdır, nə də bahalı avadanlıq. Bir neçə daş, çəkilmiş lövhə və düşünmək bacarığı kifayətdir. Bəlkə də buna görə bu oyun əsrlər keçsə də, Cənubi Afrikanın mədəni yaddaşında öz yerini qoruyub saxlayır.
Qarşılaşmanın digər tərəfi - Meksika millisinin təmsil etdiyi xalqa məxsus pelota purepeça oyunu barədə buradan oxuya bilərsiniz.
