İkiqat “IndyCar” çempionu Uill Pauerin atası Bob Pauer Avstraliyanın Kvinslend ştatının Tuvumba şəhərində silahlı soyğunçuluğun qurbanı olub.
İdman.Biz bildirir ki, 39 yaşlı cinayətkar tutulmazdan əvvəl Darlinq Dauns bölgəsində bir neçə gün ərzində bir sıra cinayətlər törədib. Şənbə günü günortadan sonra o, silah gücü ilə gümüşü rəngli “Toyota RAV4” avtomobilini oğurlayıb, sonra havaya atəş açıb və başqa bir avtomobili oğurlayıb. Daha sonra üçüncü avtomobili, daha sonra isə “Toyota Land Cruiser” avtomobilini oğurlayıb.
Bazar ertəsi saat 13:00 radələrində Bob Pauer soyğunçu ilə qarşılaşıb.
“Mən onun maşına minməsini istəmirdim, ona görə də mənə tüfəng tuşladı. Mən dedim ki, “məni vurma... vurma”, - Bob Pauer bildirib.
Pauer avtomobilin içərisində iti olduğunu deyib və iti çıxarmaq üçün vaxt istəyib. 7NEWS-un məlumatına görə, polis yetişərək soyğunçunu saxlayıb.
“Bu, həm maşını, həm də məni xilas etdi... hər şey sovuşdu”, - Bob Pauer deyib.
Daha sonra qarətçi həbs olunub və 15 ittihamla üzləşib. Məhkəmə onu həbsdə saxlayıb.
Uill Pauer ikiqat “IndyCar” çempionu (2014, 2022) və 2018-ci il “İndianapolis 500” qalibidir. Bu mövsüm 45 yaşlı avstraliyalı “Andretti Global” komandasında yarışır.
