Baharın gəlişi münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Bahar Qalası” festivalı keçirilib.
İdman.Biz xəbər verir ki, Gənclər və İdman Nazirliyi festival çərçivəsində 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” seçilən Bakı şəhərinin xüsusi təqdimatını keçirib. Tədbirdə müxtəlif idman növləri üzrə idmançıların rəngarəng çıxışları nümayiş etdirilib. Tamaşaçılar karate, velosiped, boks, cüdo, güləş, kapoeyra, milli idman növləri, stolüstü tennis, basketbol, badminton, voleybol, qolf, taekvondo və zorxana üzrə göstərişli çıxışları maraqla izləyiblər.
Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən Xəzər sularında akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqları ilə təşkil olunan şou tədbirə xüsusi rəng qatıb. Bayraq daşıyan skuterlərin keçidi və yelkənli qayıq idmanı üzrə nümayişlər festival iştirakçılarına dinamik anlar yaşadıb.
Eyni zamanda, tədbir çərçivəsində səyyar “Sağlam həyat” layihəsi də təşkil olunub. İdman həvəskarları, xüsusilə uşaqlar bu layihəyə qoşularaq həm əyləncəli, həm də faydalı vaxt keçirmək imkanı qazanıblar.
