“Əgər idman səfiri kimi fəaliyyətim bir insanın belə həyatında müsbət dəyişiklik yaradarsa, bunu ən böyük uğur hesab edəcəyəm”.
İdman.Biz xəbər verir ki, bu sözləri azərbaycanlı alpinist Vəfa Musayeva 2026-cı il üçün idman səfiri seçilməsi ilə bağlı danışarkən deyib.
O AZƏRTAC-a bildirib ki, bu titul onun üçün sadəcə ad deyil, böyük məsuliyyətdir: “Alpinizm elə bir sahədir ki, burada insan təkcə fiziki deyil, eyni zamanda psixoloji və emosional baxımdan da öz sərhədlərini aşır. Bu sahənin nümayəndəsi kimi “İdman səfiri” seçilməyim o deməkdir ki, artıq yalnız öz zirvələrim üçün deyil, cəmiyyət üçün də yol açmalıyam. Bu, mənim üçün həm də ən çətin görünən yolların belə addım-addım keçilə biləcəyinə mesajdır. Əgər mən bunu bacarmışamsa, deməli, başqaları da bacara bilər”.
Alpinist qeyd edib ki, zirvələri fəth etməkdən daha önəmlisi insanlara öz daxili zirvələrini göstərməkdir: “İdman səfiri kimi daha çox gənclərlə birbaşa işləməyi planlaşdırıram. Görüşlər, təlimlər, motivasiya sessiyaları və ustad dərsləri vasitəsilə onlarla ünsiyyətdə olacağam. Eyni zamanda sosial media üzərindən real hekayələr paylaşmaq, uğurun arxasında duran çətinlikləri açıq şəkildə göstərmək istəyirəm. Çünki gənclər yalnız nəticəni deyil, bu nəticəyə aparan prosesi də görməlidirlər. Məqsədim onları təkcə idmana deyil, ümumilikdə aktiv, məqsədli və şüurlu həyata yönləndirməkdir”.
Vəfa Musayeva vurğulayıb ki, insanların ilham alması üçün real hekayələrin böyük əhəmiyyəti var: “İnsanlar daha çox özlərinə bənzər hekayələrdən motivasiya alırlar. Əgər bir qadın onun kimi birinin Everest zirvəsinə qalxdığını görürsə, bu artıq “mümkünsüz” anlayışını aradan qaldırır. Bununla belə, hədəfim insanları dağlara getməyə təşviq etmək deyil, onların aktiv həyat üçün öz yollarını tapmasına kömək etməkdir”.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin bu gün keçirilən Kollegiya iclasında Vəfa Musayeva ilə yanaşı, Ülviyyə Fətəliyeva (şahmat), Aynur Yusifova (gimnastika), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) və Elçin Əsədov (velosiped idmanı) 2026-cı il üçün “İdman səfiri” seçiliblər.
