Azərbaycan və Türkiyə arasında idman əməkdaşlığı genişlənir - FOTO

11 May 2026 16:42
144
Azərbaycan və Türkiyə arasında idman əməkdaşlığı genişlənir - FOTO

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında idman siyasəti sahəsində əməkdaşlığa yönəlmiş mütəxəssis mübadiləsi proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Sakarya şəhərində səfərdə olub.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər müddətində nümayəndə heyəti Sakarya Region Gənclər və İdman Müdirliyində keçirilən görüş və toplantılarda iştirak edib, Sakarya İcra Hakimiyyətini ziyarət edərək icra başçısı ilə görüşüb.

Proqram çərçivəsində nümayəndə heyəti Sakarya (Adapazarı) “Lütfü Yaman” adına qapalı idman zalında basketbol, boks, voleybol, cüdo, taekvondo, güləş, stolüstü tennis və kikboksinq üzrə yaradılmış şəraitlə tanış olub. Həmçinin kanoe və avarçəkmə üzrə Su İdmanı Mərkəzi, Karasu İdman Zalı, “Yetenek taraması” Mərkəzi və “TOHM” güləş zalına baxış keçirilib.

Bununla yanaşı, nümayəndə heyəti Gənclər Mərkəzində təşkil olunan tədbirdə iştirak edib, Karasu Rayon Gənclər və İdman Müdiri ilə görüşüb, Xocalı şəhidlərinin xatirəsinə yaradılmış parkı ziyarət edib.

Qeyd edək ki, səfər çərçivəsində həmçinin “Acarlar Longozu” təbiət ərazisinə ekskursiya təşkil olunub.

İdman.Biz