Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

10 May 2026 00:01
184
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 ili tamam olur.

İdman.Biz xatırladır ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub.

Ulu Öndər hələ sovet dövründən başlayaraq idmanın və gənclər siyasətinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirib. Bu dövrdə ölkədə yüzlərlə idman obyekti, tədris və gənclik mərkəzləri yaradılıb.

1993-cü ildə xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti seçilib və 2003-cü ilə qədər ölkəyə rəhbərlik edib. Bu mərhələdə də o, idman və gənclər siyasətini davam etdirərək onun daha da gücləndirilməsinə xüsusi diqqət yetirib. 1994-cü ildə Heydər Əliyevin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb. 1997-ci ildə isə onun imzaladığı sərəncamla 2 fevral Azərbaycan Gəncləri Günü elan olunub ki, bu da MDB məkanında ilk belə təşəbbüs idi.

Heydər Əliyevin rəhbərliyi dövründə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, regionlarda Olimpiya komplekslərinin tikintisinə başlanılıb, beynəlxalq yarışların keçirilməsi üçün mühüm zəmin yaradılıb.

Ulu Öndər həmçinin Milli Olimpiya Komitələri Assosiasiyasının “Ləyaqət” mükafatına və Avropa Güləş Federasiyasının “Qızıl boyunbağı” fərqlənmə nişanına layiq görülüb.

Bu gün Azərbaycanın beynəlxalq idman arenasındakı uğurları və nüfuzlu yarışlara ev sahibliyi etməsi məhz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasətinin davamı kimi qiymətləndirilir.

İdman.Biz