Dünya çempionu olduğunu deyən idmançının kassasiya şikayəti təmin edilmədi

4 Mart 2026 10:22
96
Dünya çempionu olduğunu deyən idmançının kassasiya şikayəti təmin edilmədi

Vaxtilə dünya çempionu adını qazandığını bildirən Orxan Səfərovun da təqsirləndirilənlər arasında olduğu cinayət işi üzrə Ali Məhkəmədə kassasiya şikayətinə baxılıb.

İdman.Biz pravda.az-a istinadla xəbər verir ki, qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasında ittiham olunan 20 nəfər barəsindəki qərardan verilmiş kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə yekun qərar elan olunub. Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Təqsirləndirilənlərdən Orxan Səfərov məhkəmədə ifadə verərkən 2008-ci ildən idmanla məşğul olduğunu, həmin il dünya çempionu adını qazandığını və daha sonra “Dinamo” İdman Mərkəzində məşqlərini davam etdirdiyini deyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ildə keçirilmiş xüsusi əməliyyat nəticəsində saxlanılıblar. İri həcmli cinayət işi üzrə məhkəmə araşdırması uzun müddət davam edib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən 20 nəfərdən yalnız 3 nəfərə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıblar. Digər 17 nəfər isə 9 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

İttihama görə, ölkə daxilində narkotik vasitələrin satışından əldə edilən vəsaitlərin toplanaraq göstərilən ünvanlara çatdırılmasına Fərqanə Nağıyeva rəhbərlik edib. Onun həyat yoldaşı Adəm Nağıyev və dəstənin digər 18 üzvünün ölkə ərazisində narkotik satışında istifadə olunan müxtəlif şəxslərin adına 2 minə yaxın bank kartı hesabı açdıqları bildirilib.

İdman.Biz