Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti bəraət alıb - EKSKLÜZİV

3 Mart 2026 00:20
120
Qəsdən adam öldürməyə cəhddə ittiham olunan Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti bəraət alıb - EKSKLÜZİV

Bu gün Antalya Ədliyyə Sarayında keçirilən məhkəmə, özünü “Azərbaycan Muay-tay Federasiyasının prezidenti” adlandıran Araz Musayevə hücumu sifariş etməkdə ittiham olunan Azərbaycan Kikboksinq Federasiyasının (AKF) birinci vitse-prezidenti Elşən Abdulrəhimova tam bəraət verib.

İdman.Biz-in məlumatına görə, Araz Musayevin sui-qəsd cəhdini sifariş etməkdə ittiham etdiyi digər iki Azərbaycan vətəndaşı - Azər Həsənov (Həsənsoy) və Vüqar Əsədov da bəraət alıblar.

“Türkiyə ədliyyə sisteminin vəziyyəti yoluna qoymasına və bizə tamamilə bəraət verməsinə şadam. Bu, çox vacib bir məqamdır, çünki həbs olunduğumuz gündən etibarən nədə ittiham olunduğumuzu dəqiq başa düşmürdük. Yeganə “günahımız” Antalyada keçirilən Dünya Muay-tay çempionatında iştirak etməyimiz və həmin taleyüklü gündə - ötən ilin 28 may tarixində yarışın keçirildiyi idman sarayında olmağımız idi”, - Elşən Abdulrəhimov İdman.Biz-ə bildirib.

Xatırladaq ki, hadisə Kəmər rayonunda keçirilən IFMA U23 Muay-tay üzrə dünya çempionatı zamanı baş verib. “Atatürk” İdman Salonunda Araz Musayev qarın nahiyəsindən iki bıçaq yarası və başından zərbələr alıb.

Hücumdan dərhal sonra Türkiyə polisi Azərbaycan Kikboksinq Federasiyasının birinci vitse-prezidenti Elşən Abdulrəhimovu, Azər Həsənsoyu və Azərbaycan Muay-tay millisinin baş məşqçisi Vüqar Əsədovu saxlamışdı.

Məhkəmənin bəraət qərarından sonra hər üç şəxs Azərbaycana qayıda bilər.

İdman.Biz