Faiq Qarayev: “Məşqlər həm məşqçi, həm idmançı üçün maraqlı olmalıdır” - VİDEO

2 Mart 2026 12:02
100
Faiq Qarayev: “Məşqlər həm məşqçi, həm idmançı üçün maraqlı olmalıdır”

“Mən həmişə qadın voleybolçularla çalışmışam və buna görə heç vaxt peşman olmamışam”.

İdman.Biz xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət millinin baş məşqçisi Faiq Qarayev Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında deyib.

F.Qarayev qadın voleybolçularla birlikdə əldə etdiyi uğurları xatırladaraq bildirib: “Bu nailiyyətləri biz birlikdə qazandıq. Dünya və Avropa səviyyəli turnirlərdə iştirak etmişik. Həm yerli, həm də xarici idmançılarla işləmək imkanım olub. Forumda iştirak edən gənc həmkarlarıma isə deyə bilərəm ki, məşqçilər yalnız idmançının hazırlığı ilə məşğul olmalı, onların şəxsi həyatına müdaxilə etməməlidirlər. Təcrübəmiz nə qədər çox olsa da, biz xarici təlimlərdə iştirak etməyə və yenilikləri öyrənməyə davam edirik”.

Baş məşqçi qadınlarla işləyən məşqçilərin diqqət etməli olduğu nüansları da vurğulayıb: “Ulduz voleybolçular yetişdirmişik. Amma eyni zamanda, potensiallı 20-30 idmançını itirmişik. Onlar ailə və ya digər səbəblərə görə idmandan uzaqlaşmağı seçiblər”.

F.Qarayev əlavə edib ki, məşqçilər də fiziki hazırlıqla məşğul olmalıdır: “Əks halda yüksək nəticə əldə etmək çətindir. Digər önəmli məqam isə odur ki, məşq prosesi maraqlı olmalıdır. Həm məşqçi, həm də idmançı məşqdən həzz almalıdır. Əks halda idmançı məşqlərə gəlmək istəməyəcək və yayınmağa çalışacaq. Bütün bunlar yalnız voleybol üçün deyil, bütün idman növlərinə aiddir”.

İdman.Biz
Məqalədə: