MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı başlayır

Xəbərlər
19 Dekabr 2023 13:19
166
MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı başlayır

Milli Olimpiya Komitəsinin təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı dekabrın əvvəlindən öz işinə başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək məqsədilə ölkəmizdə idmanı və Olimpizmi ümumxalq hərəkatına çevirmək üçün həyata keçirdiyi siyasət uğurla davam etdirilir.

MOK-un təsis etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının keçirilməsi də bu sahədə böyük əhəmiyyət daşıyır.

Bu festival ölkənin əhəmiyyətli və ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olmaqla yanaşı, ilk idman filmləri və televiziya proqramları müsabiqəsidir.

Festivalda dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya proqramları, reklam və promo videoçarxlar təqdim edilə bilər.

Festivalın münsiflər heyəti isə özündə idman və mədəniyyət xadimlərini birləşdirib. Olimpiya çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftahətdinova festivalın münsiflər heyətinin sədridir. Rejissor, ssenarist, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Oleq Səfərəliyev, “Vətən” uşaq yaradıcılıq mərkəzi ictimai birliyin təsisçisi Zəhra Quliyeva, “Parni iz Baku” KVN komandasının üzvü, ssenarist və rejissor Ənvər Mansurov kimi Azərbaycan idmanının və incəsənətinin inkişafında əməyi olan tanınmış şəxslərdən ibarət münsiflər heyəti festival çərçivəsində müəyyən olunmuş nominasiyalar üzrə ən yaxşı işləri seçib, qalibləri müəyyən edəcək. Eyni zamanda, festivalın rəsmi internet səhifəsində tamaşaçı səsverməsi aparılacaq və ən çox baxış sayı toplamış layihələr təltif olunacaq.

Festivalın sonunda təntənəli bağlanış mərasimi zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

Yarışa qatılmaq istəyən müəlliflər və təşkilatlar müəllif hüququları onlara aid olan filmləri, proqramları, reklam və promo videoçarxları festivalın təşkilat komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim etməli və ya digər faylların ötürülməsi üçün istifadə olunan resurslar vasitəsilə festivalın rəsmi elektron poçt ünvanına göndərilməlidir. Festivala 05.12.23-31.01.24. tarixinədək materiallar qəbul olunur.

Festival haqqında http://millitvfest.az/, https://www.facebook.com/millitvfest.az/ sayt və sosial media hesablarından daha ətraflı məlumat əldə etmək olar.

Tərəfdaş - CÜDO KLUB 2012 İctimai Birliyi. İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World, İdman.Biz, və AZTV, AZTV İdman, CBC SPORT, ARB, SPACE, Olympic.az, OlimpiyaDünyası, Sportsman.

İdman.biz