Rusiyanın UFC döyüşçüsü, yarımorta çəki çempionu İslam Mahaçev irlandiyalı İen Maçado Qarri ilə qarşılaşmada qələbə qazanacağına əminliyini ifadə edib.
İdman.Biz xəbər verir ki, 34 yaşlı idmançı rəqibi üzərində üstünlük qurmaq üçün təzyiq, güləş və fiziki yorğunluqdan istifadə edəcəyini açıqlayıb.
“Mən dünyanın ən yaxşı döyüşçüsüyəm, amma bu idman növünün tarixində ən böyük döyüşçü olmaq istəyirəm. Anderson Silvanın rekordunu yeniləmək üçün İen Qarriyə qalib gəlməliyəm. Bu, sadəcə 17-ci qələbə olmayacaq, bundan daha çoxu olacaq.
İen bu idman növünün yeni nəslini təmsil edir. O, acdır və UFC çempionu olmaq istəyir. Ancaq mən hər cəhətdən üstünəm. Döyüşdə bunu göstərəcəyəm. Ona təzyiq edəcəyəm, saxlayacağam, yoracağam və döyüşü vaxtından əvvəl başa vuracağam. UFC 330-da İen Qarrini üç raund ərzində məğlub edəcəyəm”, - deyə Mahaçev bildirib.
Mahaçev UFC-də ardıcıl 16 qələbə ilə Anderson Silvanın rekordunu təkrarlayır. Qarri üzərində qələbə çempiona 17-ci ardıcıl uğurunu qazandıracaq və onu rekordun yeganə sahibi edəcək.
Bu qarşılaşma Mahaçevin yarımorta çəkidə çempionluq titulunun birinci müdafiəsi olacaq. UFC 330 turniri 15 avqustda ABŞ-nin Filadelfiya şəhərində keçiriləcək. Görüş Bakı vaxtı ilə 16 avqusta keçən gecə baş tutacaq.
