Bu gün Azərbaycanın qarışıq döyüş növləri (MMA) üzrə təmsilçisi Tofiq Musayev UFC-də üçüncü döyüşünə çıxacaq.
İdman.Biz xəbər verir ki, o, Belqradda keçiriləcək “UFC Fight Night” turnirində Slovakiya təmsilçisi Lüdovit Klaynla üz-üzə gələcək. Qarşılaşmanın Bakı vaxtı ilə təxminən saat 19:00-da başlaması gözlənilir.
Qeyd edək ki, döyüş yüngül çəkidə baş tutacaq. Rəsmi çəkiölçmə mərasimində hər iki idmançı təxminən 70,5 kq nəticə göstərərək titul uğrunda olmayan döyüş üçün müəyyən olunmuş çəki limitinə uyğun gəlib.
Lakin Musayevin vəziyyəti narahatlıq doğurub. Azərbaycanlı döyüşçü olduqca halsız görünüb, ayaq üstə dayanmaqda çətinlik çəkib və tərəziyə çıxdıqdan sonra müşayiətçilərinin köməyi ilə podiumu tərk edib. Görüntülər çəki salma prosesinin son mərhələlərinin onun üçün son dərəcə ağır keçdiyini göstərib.
Əsas amil - bərpa prosesi
Məhz susuzlaşmadan sonra orqanizmin bərpası bu döyüşün taleyini həll edə biləcək əsas amillərdən biri hesab olunur.
Musayev güclü fiziki hazırlığı, partlayıcı hücumları və yüksək tempi ilə seçilir. Əgər orqanizmi tam bərpa olunmasa, bu intensivliyi üç raund ərzində qoruyub saxlamaq onun üçün xeyli çətin olacaq.
Tofiq peşəkar karyerasında 23 qələbə və 6 məğlubiyyət əldə edib. UFC-də isə onun aktivində bir qələbə və bir məğlubiyyət var.
Xatırladaq ki, ötən il Bakıda təşkil olunan debüt döyüşündə Musayev qırğızıstanlı Mıktıbek Orolbaya birinci raundda ağrılı fəndlə məğlub olmuşdu. Lakin növbəti qarşılaşmada o, İqnasio Baamondesi hakimlərin yekdil qərarı ilə məğlub edərək uğurlu dönüş etmişdi.
Həmin döyüş Musayevin xarakterini də ortaya qoydu. Qarşılaşmanın əvvəlində nokdauna düşməsinə baxmayaraq, o, qısa müddətdə özünə gəldi, döyüşün gedişini dəyişdi və rəqibini güləş elementləri, klinç və yerdə zərbələrlə ağır güc mübarizəsinə məcbur etdi. Sonradan məlum oldu ki, Tofiq həmin görüşün bir hissəsini əlində sınıq olduğu halda keçirib.
Musayevin üstünlükləri və zəif cəhətləri
Tofiqin əsas silahı zərbə gücüdür. O, qələbələrinin böyük hissəsini nokautla qazanıb və bunlardan 14-ü birinci raundda başa çatıb.
Azərbaycanlı döyüşçü xüsusilə açıq zərbə mübadiləsində təhlükəlidir. Sağ əli ilə dəqiq zərbələr endirir, korpusa yaxşı işləyir və rəqibini yerə endirdikdən sonra ciddi təhlükə yarada bilir.
Bundan başqa, Musayev klinçdə fiziki üstünlüyündən səmərəli istifadə edir və rəqibini torun kənarında sıxışdırmağı bacarır. Məhz belə taktika Klayna qarşı da ən effektiv variant sayıla bilər - məsafəni daim qısaltmaq, zərbələri güləşlə birləşdirmək və slovakiyalı döyüşçünün rahat texniki döyüş aparmasına imkan verməmək.
Lakin Musayevin zəif tərəfləri də var. O, bəzən həddindən artıq açıq şəkildə irəli atılır və əks-hücum zərbələri buraxa bilir. Karyerasındakı altı məğlubiyyətdən dördünü isə ağrılı və ya boğucu fəndlərlə alıb. Buna görə də parterdə ehtiyatlı davranması və əlverişsiz mövqelərdə qalmaması vacib olacaq.
Klayn nə ilə təhlükəlidir?
Lüdovit Klayn peşəkar karyerasında 24 qələbə, 5 məğlubiyyət və 1 heç-heçə əldə edib. O, UFC-də Musayevdən xeyli təcrübəlidir – hesabında 8 qələbə, 3 məğlubiyyət və 1 heç-heçə var.
Slovakiyalı döyüşçü universal və texniki cəhətdən hazırlıqlı idmançıdır. Solaxay dayanışdan döyüşür, sürətli hərəkət edir, sol düz zərbəni dəqiq tətbiq edir və ayaq zərbələrindən fəal istifadə edir. O, həm təşəbbüsü ələ ala, həm də əks-hücumda təhlükə yarada bilir, eyni zamanda özü də rəqibini yerə endirməyi bacarır.
Son iki döyüşündə Klayn Polşa təmsilçiləri ilə üz-üzə gəlib. Əvvəlcə Mateuş Qamrota hakimlərin yekdil qərarı ilə uduzub. Həmin görüşdə Qamrot güləş, təzyiq və nəzarət hesabına Klaynın zərbə potensialını məhdudlaşdırmışdı.
Daha sonra isə Lüdovit Mateuş Rembetskini hakimlərin səs çoxluğu ilə məğlub edib. O, üçüncü raundda sağ topuq sümüyünü sındırsa da, döyüşü davam etdirib və final fitinə qədər mübarizə aparıb. Nəticə elan olunarkən Klayn stulda əyləşmiş vəziyyətdə idi, daha sonra isə arenadan xərəkdə çıxarılmışdı.
Bu hadisə, Musayevin əvvəlki döyüşdə sınıq əllə çıxış etməsi kimi, hər iki idmançının döyüş xarakterini nümayiş etdirir. Nə Tofiq, nə də Lüdovit ən ağır şəraitdə belə mübarizəni yarımçıq qoymağa meylli deyil.
Kim favoritdir?
Klayn antropometrik göstəricilərdə cüzi üstünlüyə malikdir. Onun qol açılımı təxminən 183 sm, Musayevinki isə 175 sm-dir. Bu isə slovakiyalı döyüşçüyə məsafədən düz zərbələrlə işləməyə və təhlükəli yaxın təmaslardan yayınmağa imkan verir.
Bununla belə, Klaynın zəif cəhətləri də məlumdur. Rəqib onu daim təzyiq altında saxladıqda və sərbəst hərəkət etməsinə imkan vermədikdə təşəbbüsü itirə, tor kənarında çox vaxt keçirməyə məcbur qala bilir. Qamrotla döyüş göstərdi ki, güləş və parter təhlükəsi onun effektivliyini xeyli azaldır.
Bütün amilləri nəzərə aldıqda, Klayn cüzi favorit hesab oluna bilər. O, daha gəncdir, UFC-də daha təcrübəlidir və texniki arsenalı daha genişdir. Musayevin ağır çəki salma prosesi də əlavə suallar yaradır.
Lakin Tofiqin zərbə gücü istənilən proqnozu dəyişə bilər. Azərbaycanlı döyüşçünün döyüşün taleyini dəyişmək üçün çox sayda dəqiq zərbəyə ehtiyacı yoxdur. Əgər o, tam bərpa olunubsa, ilk dəqiqələrdən təzyiq göstərə və Klaynı geri çəkilməyə məcbur edə bilsə, qələbə şansları əhəmiyyətli dərəcədə artacaq.
Xüsusilə ilk raund həlledici olacaq. Məhz həmin hissədə Musayevin çəki salma prosesindən necə çıxdığı aydın görünəcək. Əgər o, sürətini və fiziki gücünü qoruyub saxlaya bilsə, azarkeşləri turnirin ən gərgin və ən sərt döyüşlərindən biri gözləyir.
